Azərbaycanda Nazirlər Kabinetinin 1 avqust 2024-cü il tarixli 372 nömrəli Qərarına əsasən “Təbii inhisar subyektlərinin Siyahısı” təsdiq edilib. Bununla da “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərar ləğv edilib. Təbii inhisar subyektlərinin yeni siyahısı 1 iyul 2024-cü il tarixdən qüvvəyə minmiş Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Belə ki, təbii inhisar fəaliyyət sahələri həmin Məcəllənin 36-cı maddəsi ilə müəyyən edilib. Yeni siyahıya əsasən, Azərbaycanda təbii inhisar subyektlərinin sayı 3,9 dəfə azaldılaraq 141-dən 36-ya endirilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti ölkədə təbii inhisar subyektlərinin azaldılmasının səbəblərini açıqlayıb.
Bildirilib ki, ləğv edilmiş Siyahı üzrə təbii inhisar subyektləri Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qüvvədən düşən “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilən fəaliyyət sahələrinə əsasən müəyyən olunmuşdu:
“Ötən dövr ərzində bazar konyukturasında baş verən dəyişikliklər təbii inhisar fəaliyyət sahələrinin təkmilləşdirilməsini zəruri edib. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi hazırlanarkən təbii inhisar fəaliyyət sahələrinin əhatə dairəsi üzrə beynəlxalq təcrübə araşdırılıb və milli iqtisadiyyatımızın xüsusiyyətləri əsas götürülməklə təbii inhisar fəaliyyət sahələri ilə bağlı təkmilləşdirmələr aparılıb. Bu mənada, Qüvvədən düşən qanunda 12 sahə təbii inhisar fəaliyyət sahəsi hesab edilirdisə, Rəqabət Məcəlləsində bu sahələrin sayı 13 təşkil edir.
Qeyd edilib ki, təbii inhisar subyektlərinin sayının azalmasının əsası qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır:
“Belə ki, elektrik enerjisinin ötürülməsi, su təchizatı və meliorasiya xidmətləri sahəsində fəaliyyət göstərən qurumların adları yeni siyahıda saxlanılmış və onların strukturuna daxil olan və ya tabeliyində olan bölmələrin, o cümlədən regional və ya yerli bölmələrin adları siyahıdan çıxarılmışdır. Belə ki, təbii inhisar fəaliyyəti təbii inhisar subyekti tərəfindən vahid idarəetmə qaydasında həyata keçirildiyi halda, onun strukturunu təşkil edən bölmələrin qüvvədə olan Siyahıda ayrıca təbii inhisar subyekti kimi qeyd edilməsinə zərurət qalmayıb.
Eyni zamanda, Rəqabət Məcəlləsi ilə neft və (və ya) neft məhsullarının, təbii qazın boru vasitəsilə Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı fəaliyyəti, habelə su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma fəaliyyəti təbii inhisar fəaliyyəti sahəsi sayılmadığı üçün bu sahədə fəaliyyət göstərən qurumların adları da qüvvədə olan Siyahıdan çıxarılıb”.
“Qüvvədə olan Siyahıda yalnız azalmalar deyil, əlavələr də mövcuddur. Belə ki, qüvvədə olan Siyahıya magistral və ümumi əhəmiyyətli avtomobil yollarının, yol qurğu və tikililərinin saxlanması və istismarı üzrə müvafiq qurum və Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən 13 təbii inhisar subyekti əlavə edilib.
Beləliklə, yuxarıda göstərilən səbəblər əsas götürülərək ləğv edilmiş Siyahı ilə müqayisədə qüvvədə olan Siyahıda təbii inhisar subyektlərinin sayında dəyişikliklər Rəqabət Məcəlləsinin tələbləri əsas götürülməklə bu sahədə təkmilləşdirilmə ilə bağlı olub”, – deyə məlumatda bildirilib.