Bu ilin yanvar-may aylarında “Azəriqaz” İstehsalat Birliyinin satdığı qaza görə ödəniş səviyyəsi 101,02 % olub.
Bunu “Azəriqaz”ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,3 % çoxdur: “Əhali sektoru üzrə ödəniş səviyyəsi 99,48 % olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 2 % azdır.
Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 102,87 % olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 % çoxdur”.
R. Cavadov bildirib ki, bu ilin iyunun 1-nə olan məlumata görə, Azəriqaz” İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 milyon 465 min 415-ə çatıb: “O cümlədən əhali sektoru üzrə 2 milyon 427 min 456 abonent, qeyri-əhali sektoru üzrə 37 min 959 abonent olub”.