9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda təyyarə biletlərinin qiyməti neçəyədir? – Araşdırma

Banker.az Azərbaycanda hava sərnişindaşıma nəqliyyatı xidməti üzrə gedişin qiymətlərini araşdırıb. Araşdırmada məlum olub ki, MDB ölkələrinə beynəlxalq reyslər üzrə qiymətlər hava nəqliyyatındakı ən yüksək qiymətlər olaraq qalmağa davam edir. MDB ölkələri istisna olmaqla, beynəlxalq reyslərdə biletin qiyməti isə 1 il ərzində 200 manata yaxın artıb. Respublikanın daxilində hava nəqliyyatının qiyməti 5 ay öncəki artımdan sonra sabit qalıb.

Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin oktyabr ayında hava sərnişindaşıma nəqliyyatı xidməti MDB ölkələrinə beynəlxalq reyslər üzrə 1 gedişin orta qiyməti sentyabr ayı ilə müqayisədə 234.55 manat və ya 17.6% artıb. Belə ki, sentyabrda 1332.65 manat olan biletin qiyməti oktyabrda 1098,10 manat təşkil edib. Qeyd edək ki, ilin ilk 10 ayı ərzində ən ucuz orta qiymət fevralda olub – 888.70 manat. Sonrakı ayların hər birində orta qiymət min manatdan çox olub. Ən baha qiymət martda qeydə alınıb – 1754,54 manat.

MDB ölkələrinə biletin qiymətindəki artım illik müqayisədə də müşahidə olunur. Belə ki, ötən ilin oktyabr ayında orta qiymət 1054.57 manat idi. Bu da o deməkdir ki, illik müqayisədə cari ilin oktyabrındakı orta qiymət 43.53 manat və ya 4.1% artıb.

MDB ölkələri istisna olmaqla, beynəlxalq reyslər üzrə orta qiymət 2022-ci ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə 15.93 manat və ya 1.9% azalsa da, 2021-ci ilin oktyabr ayına nisbətən 177.68 manat və ya 27.5% artıb. Ötən ilin oktaybrında orta qiymət 647.22 manat, cari ilin sentyabrında 840.83 manat, cari ilin oktyabrında 824.90 manat olub. Ümumilikdə isə, 2022-ci ilin ilk 10 ayı ərzində ən ucuz orta qiymət fevralda – 609.71 manat, ən baha orta qiymət isə avqustda – 911.82 manat olub.

2022-ci ilin oktyabr ayında respublikanın daxilində hava sərnişindaşıma nəqliyyatı xidmətində 1 gedişin orta qiyməti 58.79 manat təşkil edib. Qeyd edək ki, ötən il ərzində, həmçinin, cari ilin ilk 5 ayı ərzində orta qiymət 53.67 manat idi. Yaydan – konkret olaraq, iyun ayından etibarən isə qiymət 5.12 manat və ya 9.5% artaraq 58.79 manata çatdı və ardıcıl 5 aydır ki, bu qiymətdə qalıb. Xatırladaq ki, 6 iyun 2022-ci il tarixində Nazirlər Kabinetinin qərarı ilə Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşaraq, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər