10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda taksi sürücülərinin toplayacağı video informasiyaların məxfiliyi necə qorunacaq?

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir.

Bu da o deməkdir ki, sayı minlərlə ölçülən taksi sürücülərinin əlində onların maşınına tək və yaxud ailəsi ilə birlikdə minən şəxslərlə bağlı xeyli sayda video informasiyalar olacaq.

Bəs həmin materialların məxfiliyi necə qorunacaq? Onlar sosial şəbəkələrə sızmayacaq ki?

Azərbaycan Texniki Universitetinin dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyir ki, həmin görüntülərin məxfi qalmasını təmin etmək, bu məsələni nəzarətdə saxlamaq üçün prosesdə dövlətin iştirakı vacibdir: “Taksilərdə videokameralar quraşdırılması böyük məlumat bazası yaradacaq. Yaxşı olar ki, həmin məlumatlar sürücülərin əlində olmasın, dövlətin nəzarətində olsun. Məsələn, avtobuslarda kameralar var. Əldə olunan görüntülər Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzində toplanılır”.

“Yeni tələblərin əsas məqsədi odur ki, taksilərin sayı 70 mindən 20 minə endirilsin. Amma bu da tələbatı ödəməyəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) taksilərə nəzarətlə bağlı resursları azdır. Taksi fəaliyyəti elmi əsaslarla təşkil edilməlidir. Rəng tələbi də düzgün deyil. Müxtəlif rənglərdə avtomobillər şəhəri rəngarəng edir. Hesab edirəm ki, kamera və rəng tələblərindənsə, sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilməlidir. Sürücülər aqressiv olmamalıdırlar, mehriban olmalıdırlar, yol hərəkəti qaydalarını yaxşı bilməlidirlər, təhlükəsizliyi təmin etmək gücündə olmalıdırlar. Vətəndaş taksidə özünü tam rahat və təhlükəsiz hesab etməlidir”, – deyə ekspert əlavə edib.

Nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Yasin Mustafayevisə hesab edir ki, taksilərdə kameraların quraşdırılmasından narahat olmaq lazım deyil: “Əksinə, kameralar sürücülərin sərnişinlərlə davranışına nəzarət etməyə imkan verəcək. Bir müddət bundan əvvəl taksi sürücülərinin vətəndaşlara qeyri-etik davaranışları ilə bağlı məlumatlar yayılmışdı. Hesab edirəm ki, artıq bu kimi hallar olmayacaq. Videokameralar 15 günlük yaddaşa malik olacaq, 15 gündən sonra fayl silinəcək və yenidən yazılacaq”

Nəqliyyat və infrastruktur məsələləri üzrə digər ekspert Ərşad Hüseynov isə deyir ki, sərnişinlərin məlumatları istənilən halda idarə edilməlidir: “Bununla bağlı müəyyən tələblər qoyula bilər. Bu tələblərə cavab verməyən şirkətlər bazardan çıxarıla bilər”.

AYNA-dan isə bildirilib ki, sürücülərin sərnişinlərinin videogörüntülərini yayması cinayət məsuliyyəti yaradan haldır.

“Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq. Qanunvericiliyin tələblərinə riayət etməyənləri isə cərimə sanksiyaları gözləyir. Belə ki, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər. Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulması ilə bağlı da cərimələr mövcuddur”, – deyə agentlik bəyan edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər