11 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Üstəlik, bundan sonra taksilər ağ və yaxud qırmızı rəngdə olmalıdır.

Bu isə avtomobil bazarı üçün ciddi siqnaldır.

Çünki, hazırda ölkədə taksi xidməti göstərmək üçün istifadə olunan minik avtomobillərinin, xüsusilə geniş yayılmış “Toyota Prius”ların əksəriyyətinin istehsal ili 2009-cu ilə qədərdir, yəni yaşları 15 ildən çoxdur. Artıq həmin nəqliyyat vasitələrinin kütləvi şəkildə satışa çıxarılması müşahidə edilir. Bu tendensiya yəgin ki, taksidə istifadə olunan digər markalı maşınları da əhatə edəcək.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev deyir ki, məlum qərar artıq taksi üçün işə yaramayan köhnə minik avtomobillərini kəskin ucuzlaşdıracaq: “Məsələn, “Toyota Prius”ların qiyməti 40-50% aşağı düşə bilər. Tədricən isə onlar da daxil olmaqla köhnə maşınların dövriyyədən çıxdığını, yeni maşınlara, xüsusilə yerli istehsal nəqliyyat vasitələrinə tələbatın artdığını görəcəyik. Bu da ekoloji təmizlik baxımından yaxşıdır, çünki yaşı çox olan avtomobillər ekologiyaya çox böyük ziyan vurur”.

Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə hesab edir ki, yeni tələb ölkədə minik avtomobillərinin sayını artıracaq: “Azərbaycanda nəinki ili köhnə olan, hətta təzə olan, amma rəngi ağ və yaxud qırmızı olmayan avtomobillər də münasib qiymətə satışa çıxarılacaq və kimlərəsə (indiyə qədər maşını olmayan şəxslərə) satılacaq. Yəni, köhnə maşınlar istənilən halda ölkədə daxilində qalacaq, maşınını satmış şəxslər isə gedib yeni, rəngi uyğun olan nəqliyyat vasitələri alacaqlar və beləliklə minik avtomobillərinin sayı artacaq”.

Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli isə hesab edir ki, hökumətin qərarı avtomobillərin qiymətlərinə ciddi təsir etməyəcək: “Məncə, avtomobil bazarında ucuzlaşmadan danışmaq hələ tezdir. Bu qərarın bazara aidiyyəti yoxdur və qiymətlərə təsiri olmayacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər