2018-ci ilin oktyabr ayı ərzində Azərbaycanda 9 235 (1 147-si hüquqi şəxs, 8 088-i fiziki şəxs olmaqla) vergi ödəyicisi qeydiyyata alınıb.
Banker.az xəbər verir ki, Vergilər qəzeti bu barədə məlumat dərc edib.
Bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən, 13,8% çoxdur. Oktyabr ayında xarici hüquqi şəxslərin 121 filial və ya nümayəndəliyi, 788 tam xarici investisiyalı müəssisə və xarici investisiyanın iştirakı ilə 190-dan artıq hüquqi şəxs qeydiyyata alınıb. Təkcə cari ilin ilk 10 ayı ərzində qeydiyyata alınmış tam xarici investisiyalı hüquqi şəxslərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 58%-dən çox artıb.
Ümumilikdə respublikamızda xarici investisiyalı hüquqi şəxslərin sayı 9 934-dür. Onlardan 2 511-i xarici hüquqi şəxsin filial və nümayəndəliyi, 2 347-si birgə mülkiyyətli hüquqi şəxs, 5 076-sı isə tam xarici investisiyalı hüquqi şəxsdir.
“Vergi sahəsində davam etdirilən islahatların əsas hədəflərindən biri investisiyaları, xüsusilə də xarici sərmayələri təşviq etməkdir. Vergi qanunvericiliyinə nəzərdə tutulan dəyişikliklərə əsasən, xarici investisiya strategiyasının həyata keçirilməsi üçün səmərəli vergi sisteminin təşviq edilməsi nəzərdə tutulub. Vergilər Nazirliyi xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, publik hüquqi şəxslərin dövlət qeydiyyatı və uçota alınması ilə bağlı müvafiq işlər görür. 2018-ci ilin əvvəlindən əcnəbi iş adamlarına e-rezidentliyin verilməsi ilə daha əlverişli investisiya mühiti yaradılıb. İndiyədək xarici hüquqi şəxslərlə bağlı sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu real vaxt rejimində yoxlanılıb. Qeyri-rezidentlərə “ASAN imza” sertifikatının verilməsi ilə bağlı nazirlik tərəfindən “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə istifadəçi təlimatı”na dəyişiklik edilib, bu sahədə müvafiq proqram təminatı yaradılıb, hüquqi və texniki infrastruktur təmin olunub. Oktyabrın sonlarında qeyri-rezidentlərə ilk mobil rezidentlik təqdim olunub. Əcnəbilər artıq “ASAN imza” (e-rezidentlik) əldə etməklə Azərbaycanda yeni şirkəti qeydiyyatdan keçirmək, bank əməliyyatları və müxtəlif ödənişlər aparmaq, vergiləri onlayn şəkildə ödəmək imkanına malikdirlər ki, bu da biznesə asan və rahat başlamaq üçün tamamilə yeni iqtisadi mexanizm deməkdir. Bütün bunlar, təbii olaraq, Azərbaycanda xarici investisiyalı müəssisələrin sayının artmasına səbəb olacaq”, -deyə məlumatda vurğulanıb.