Bu ilin sonuna qədər Azərbaycanda ticarət və informasiya portalı madeinazerbaijan.gov.az istifadəyə veriləcək.
Bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib.
“Bu portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq”, – deyə o qeyd edib.
“Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord qeydə alınıb. Azərbaycandan 3.348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci ilə nisbətən 9.8% çoxdur. Təkcə ötən ilin dekabrında ölkədən ixrac olunan qeyri-neft məhsullarının dəyəri isə 314.2 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3.8% çoxdur. Ötən ilin IV rübündə isə ölkədən 914.2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin eyni rübü ilə müqayisədə 7.9% çoxdur”, – deyə T.Hacılı əlavə edib.