Azərbaycanda Standartlaşdırma İnstitutunun təsis etdiyi texniki komitələr ölkədə hər bir sahə üzrə olduğu kimi tikinti və tikinti materialları sahəsi üzrə də müvafiq standartlar hazırlayır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov bildirib.
Onun sözlərinə görə, bu komitələrin yaradılmasına aidiyyəti maraqlı dövlət və özəl qurumlar cəlb oluna bilər: “Azərbaycanda tikinti sahəsinə cavabdeh olan qurum Fövqəladə Hallar Nazirliyidir (FHN). Bu nazirliyin təsis etdiyi texniki komitə var. Həmin texniki komitənin iş planında standartların tədricən yenilənməsi var. Hazırda konkret bir proqram yoxdur ki, biz ona əsasən neçə ildən sonra bütün beynəlxalq standartların qəbul olunacağını deyək. Amma bu sahədə işlər hər gün intensivləşir. Tikinti prosesinin özünün keyfiyyətinin artırılmasına və tikintidə istifadə olunan əsas materialların keyfiyyətinə nəzarətə isə FHN cavabdehdir”.