4 C
Baku
Sunday, January 4, 2026

Azərbaycanda tonlarla yanacağı mənimsəyən vəzifəli şəxs həbs edildi

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib.

QSC-dən bildirilib ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib.

ADY törədilmiş qanunsuz əməl barədə tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət etmiş və müraciətə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı götürməklə mənimsəyib, bununla da ADY-yə külli miqdarda ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib.

Həmçinin görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70 faizinin qarşısı vaxtında alınıb.

Son xəbərlər
Digər xəbərlər