9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda turizm sahəsində nə qədər insan çalışır? – maaşları açıqlandı

Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 23 min 200 nəfər çalışır.

Banker.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin bu ilin yanvar-oktyabr ayları üzrə statistikasında əksini tapıb.

Onlardan 900 nəfəri dövlət, 22 min 300 nəfər isə qeyri-dövlət sektorunda çalışır. Bu, xidmət sahəsində işləyənlərin 1,5 faizini təşkil edir. 2018-ci ilin III rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinə malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3858 nəfər olub ki, onların da 5,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışır. Başqa sözlə, tikinti (32,9 faiz), mədənçıxarma sənayesi (30,2 faiz) və emal sənayesindən (9,9 faiz) sonra əcnəbilərin Azərbaycanda ən çox əmək fəaliyyəti ilə məşğul olduğu sahə turizm sektorudur.

Bu ilin yanvar-oktyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində təqdim edilən xidmətlərin dəyəri 1 milyard 521,9 milyon manat olub. Bu, keçən ilin anoloji dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinə kapital qoyuluşu da artır. Bu ilin yanvar-oktyabr aylarında bu sahəyə 38 milyon manat kapital qoyulub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur.

Yanvar-oktyabr aylarında bu sahədə orta aylıq nominal əməkhaqqı 542,4 manat olub. Dövlət və qeyri-dövlət sektorları ayrılıqda götürüldükdə isə, dövlət sektorunda çalışanların əməkhaqqı 777,7 manat, qeyri-dövlət sektorunda çalışanların əməkhaqqı isə 532,2 manatdır.

Son xəbərlər
Digər xəbərlər