Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti azalıb.
İyulun 18-dən etibarən istehsalçılar unun qiymətini 1 manatdan çox azaldıblar.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi. Ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S. və T.LTD” BM tərəfindən bazara təqdim olunur.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bununla bağlı açıqlamasında deyib ki, ölkədə unun qiymətinin artımına heç bir əsas yoxdur:
“Hətta Rusiyadan idxal etdiyimiz buğdanın qiymətində çox cüzi artım olsa da, ümumilikdə apardığımız hesablamalar göstərir ki, son bir neçə ayda ucuzlaşma müşahidə olunur. Çünki taxıl idxalçıları həmişə beş-altı aylıq ehtiyat yığırlar. Dövlət Taxıl Fondu da bununla bağlı açıqlama vermişdi ki, Azərbaycanın buğda ehtiyatı altı ay müddətinə kifayət edir. Yəni biz altı ay bundan sonra buğdaya olan ehtiyacımızı tam ödəyə bilərik”.
Son aylar rəsmi məlumatda un məmulatlarının qiymətində artımın qeydə alındığını xatırladan ekspert bildirib ki, buna baxmayaraq, bu dövrdə buğdanın idxal dəyərində və qiymətində enmə müşahidə edilir:
“Yəni heç bir əsas olmadığı halda unun qiyməti artmışdı, indi isə onun qiymətinin salınması üçün əsaslar var. Biz görürük ki, daxildə buğda istehsal olunur, biçin işləri həyata keçirilir və həmin buğdadan artıq istifadə etmək mümkündür. Bütün bu mənzərə onu deməyə əsas verir ki, yaxın bir zamanda Azərbaycanda unun, çörəyin qiymətində artım olmamalıdır. Un, çörək istehsalçıları artıma getməməlidirlər. Əgər gedirlərsə, onlar başqa bir əsas gətirə bilərlər.
Daşınma xərclərinin artdığını deyə bilərlər. Amma ümumi apardığımız müşahidələr onu deməyə əsas verir ki, dünyada buğdanın qiymətində artım yoxdur. Əgər bundan sonra azalma bir az da olarsa, bu, daxildə unun qiymətinin enməsinə əsas verməlidir. Yəni Azərbaycanda olan daşınma xərcinin artımı tədarük olunan buğdanın qiymətinin enməsi hesabına kompensasiya olunmalıdır və daşınmaya görə Azərbaycanda qiymət artımı baş verməməlidir”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik: