Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Orxan Səmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məsləhətçi-mühəndis vəzifəsində işləyib. O, öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş Səfər Əliyevin (şərti) Sumqayıt şəhəri ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 36 sot torpaq sahəsinə dair çıxarış verilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib. Orxan Səmədov həmin şəxsi aldadaraq ondan ümumilikdə 55 000 manat pul alıb. Daha sonra o, həmin puldan 9700 manatı zərərçəkmişə qaytarıb.
Bundan başqa, Orxan Səmədov Vahid Əlişova (şərti) onun arvadını Sumqayıt şəhərindəki uşaq bağçalarından birinə işə düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib. O, həmin şəxsin 6500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Orxan Səmədov Vahidə 500 manat qaytarıb.
Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Orxan Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.