Bu ilin 16 noyabr tarixinə Azərbaycan əhalisinin 45%-dən çoxu yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin hər iki dozasını vurdurub. Bu, dünya üzrə orta göstəricini üstələyir.
Dünyada hər iki doza qəbul edən əhalinin payı noyabrın 16-na 41,1% təşkil edir. Avropa İttifaqı üzrə sözügedən orta göstərici 66,4%-ə, Asiya üzrə isə 45,4%-ə bərabərdir. Şimali Amerikada tam vaksinasiya göstəricisi əhalinin 53,5%-nə, Cənubi Amerikada isə 55,3%-nə bərabərdir. Afrika qitəsi üzrə bu göstərici çox aşağıdır və cəmi 6,6% təşkil edir.
Qeyd edək ki, hazırda dünyada ən yüksək tam vaksinasiya səviyyəsi Cəbəllütariq (118,2%), Sinqapur (noyabrın 5-nə 91,9%), Birləşmiş Ərəb Əmirlikləri (noyabrın 15-nə 88,4%) və Portuqaliyadadır (noyabrın 8-nə 87,6%).
COVID-19-a qarşı vaksinasiya prosesinin ən zəif getdiyi ölkələr sırasında isə Burundi (noyabrın 11-nə 0%), Konqo Demokratik Respublikası (noyabrın 11-nə 0,1%), Çad (noyabrın 12-nə 0,4%) və Haiti (noyabrın 9-na 0,4%) yer alıb.