Gələn il Azərbaycanda vençur fondlarının sayının artırılması planlaşdırılır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, dövlət vençur maliyyəçisi deyil: “Dövlət risklərin idarə edilməsində maraqlı tərəf deyil. Biz anlayırıq ki, tam olaraq Azərbaycan startaplarının dəstəklənməsi mümkün deyil. Biz yeni yaradılan “Caucasus Ventures” MMC vençur fondu tərəfindən 30 % startapın dəstəkləyəcəyini düşünürük. Bunu nəzərə alaraq biz qərara gəldik ki, fond həm də yaradıcısı azərbaycanlı olan startaplara da dəstək versin”.
İ.Vəliyeva vurğulayıb ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplara birbaşa maliyyə vermir: “Ona görə ki, biz nə akselerasiya mərkəzi, nə də fonduq. Biz ekosistem oyunçularının dəstəkləyicisiyik. Bizim məqsədimiz odur ki, 50 %-ə qədər maliyyələşməni həyata keçirək qalan hissəsini isə özəl sektor maliyyəşdirsin”.
Onun sözlərinə görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2023-cü il üçün əsas fəaliyyət istiqamətləri investisiya ekosisteminə dəstək olacaq: “Bu , həm investorlar üçün təlimlər, vençur fondlarının yaradılması, mələk investorlarla birgə kiçik fondların yaradılması ilə bağlıdır”.
Xatırladaq ki, bu ilin noyabr ayında təqdimatı keçirilmiş “Caucasus Ventures” MMC vençur fondunun təsis paylarının 44 %-i dövlətə məxsusdur.
Təsisçilərin fond üçün ayırdığı 11 milyon manatın təxminən 10 %-i Fondun saxlanmasına xərclənəcək, qalan hissəsi startaplara yönəldiləcək.