9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda virtual aktiv xidməti təminatçılarına məhdudiyyətlər tətbiq edilə bilər

Azərbaycan qanunun tələblərinə əməl etməyən və ya əməl etməkdən boyun qaçıran virtual aktiv xidməti təminatçıların (kriptovalyuta birjaları, kriptovalyuta cüzdanları və.s) fəaliyyətinə məhdudiyyətlər tətbiq edə bilər.

Bu barədə Maliyyə Monitorinqi Xidmətindən “OKX” və “ByBit” kriptobirjalarına girişin bloklanması ilə bağlı sorğunu cavablandırarkən bildirilib.

“Virtual aktiv xidməti təminatçıları maliyyə institutu olmaqla öhdəlik daşıyan şəxs statusuna malikdirlər. Öhdəlik daşıyan şəxslər işgüzar münasibətlər yaratdıqları müştərilərinə münasibətdə müştəri uyğunluğu tədbirləri (müştərilərin və onların benefisiar mülkiyyətçilərinin şəxsiyyətinin eyniləşdirilməsi və onların sənədlər əsasında verifikasiya edilməsi) tətbiq etməli, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə üçün daxili nəzarət proqramına malik olmalıdırlar.

Eyni zamanda, öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərinin tətbiqi çərçivəsində əldə edilmiş məlumatların Qanunla nəzərdə tutulmuş müddət ərzində saxlanılmasını, şübhəli əməliyyatlara dair maliyyə monitorinqi orqanına məlumat verilməsini, habelə nəzarət orqanlarının qanunla nəzərdə tutulmuş göstərişlərinə əməl edilməsini təmin etməlidirlər”, – monitoriq xidmətindən bildirilib.

Virtual aktiv xidməti təminatçıları “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.12-ci maddəsinə əsasən virtual aktivlərin (kriptovalyuta və.s) digər əməliyyatlarla yanaşı alışı, satışı, mübadiləsi xidmətlərini göstərən şəxslər (kriptovalyuta birjaları, kriptovalyuta cüzdanları və.s) hesab olunurlar.

Qeyd edək ki, ötən həftə Azərbaycan Mərkəzi Bankının göstərişi ilə Elektron Təhlükəsizlik Xidməti “OKX” və “ByBit” kriptobirjalarına giriş internet üzərindən bloklanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər