Azərbaycanda ixracın əsas komponenti sayılan neft hasilatı azalıb. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə qaz kondensatı daxil olmaqla 11.06 mln. ton xam neft hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.3% azdır.
Gömrük orqanın təqdim etdiyi statistikaya əsasən, ilk 5 ayda Azərbaycandan 8.83 mln. ton xam neft ixrac olunub. Bu göstərici ötən ilin eyni dövründəki 10.36 mln. tonla müqayisədə 14.8% azdır. Neft ixracından əldə olunan gəlirlər isə 5.12 mlrd. dollar olub ki, bu da illik müqayisədə 9.2% azalma deməkdir. 2025-ci ilin ilk 5 ayında neft ixracının dəyəri 5.64 mlrd. dollar təşkil etmişdi.
Neftin ümumi ixracdakı payı son bir ildə 51%-dən 37%-ə düşüb.
2026-cı ilin ilk 5 ayında Azərbaycanın ixrac etdiyi xam neftin orta qiyməti hər ton üçün 580.09 dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 544.5 dollar olub. Beləliklə, Azərbaycan neftinin orta ixrac qiyməti illik müqayisədə 6.5% artıb. Neftin bahalaşması ilə bağlı xəbərimiz linkdən tanış ola bilərsiniz.
Cari ilin ilk 5 ayında İtaliya Azərbaycan neftinin əsas alıcısı kimi qalır. Bu ölkəyə 5.34 mln. ton neft ixrac edilib ki, bu da ümumi ixracın təxminən 60%-ni təşkil edir. Sonrakı yerlərdə Rumıniya (461.3 min ton), Çexiya (433.1 min ton), Portuqaliya (395.0 min ton), Almaniya (360.3 min ton), Tunis (307.2 min ton), Yunanıstan (284.4 min ton), Bolqarıstan (278.0 min ton) və Xorvatiya (276.3 min ton) qərarlaşıb.
Təbii qaz sektorunda isə hasilatda müsbət dinamika qorunub. DSK-nın məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 20.94 mlrd. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.1% çoxdur.
Bununla yanaşı, qaz ixracında azalma qeydə alınıb. İlk 5 ayda xaricə 10.38 mlrd. kubmetr təbii qaz satılıb ki, bu da ötən ilin müvafiq dövründəki 10.27 mlrd. kubmetrlə müqayisədə 1.1% çox olsa da, ixracdan əldə olunan gəlir 3.34 mlrd. dollar təşkil edib və ötən ilin eyni dövründəki 3.83 mlrd. dollarla müqayisədə 12.8% azalıb.
2026-cı ilin yanvar-may aylarında ixrac edilən qazın orta qiyməti hər 1 000 kubmetr üçün 322.05 dollar olub. 2025-ci ilin eyni dövründə bu göstərici 373.19 dollar təşkil etmişdi. Nəticədə təbii qazın orta ixrac qiyməti illik müqayisədə 13.7% azalıb.







