2022-ci ilin 7 ayı ərzində 8.843 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Onlardan 1.529-nun (ümumi qeydiyyatın 17,3 faizi) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumundan 6.724-ü (76 faiz) yerli investisiyalı, 2.119-u (24 faiz) xarici investisiyalı qurumlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 12,5 faiz artıb.
Dövlət Xidmətinin məlumatına əsasən, 2022-ci il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb. Qeyd olunan tarixə 18.959 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib, ötən illə müqayisədə fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 21,5 faiz artıb.
2022-ci ilin yanvar-iyul aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94.6% təşkil edib. Hesabat dövründə yeni üsulla (fin kod+mobil nömrə) 1 080 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 37 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12.2%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16.2% təşkil edib.