2026-cı il sentyabrın 1-nə Azərbaycanda dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 212 668-ə çatıb.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici ilin əvvəlindəki 204 065 vahidlə müqayisədə 8 603 vahid və ya 4,2% artıb. İllik müqayisədə isə kommersiya qurumlarının sayı 6,6% çoxalıb.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4%-i məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) ibarətdir. İlin əvvəlində bu göstərici 92% olub.
2026-cı ilin avqustunda 1 114 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Onların 85,4%-i yerli, 14,6%-i isə xarici investisiyalı müəssisələr olub. Qeydiyyatdan keçən kommersiya qurumlarının 79,7%-i elektron qaydada yaradılıb.
Müqayisə üçün, 2025-ci il ərzində 14 051 kommersiya qurumu dövlət qeydiyyatına alınıb və onların 88,7%-i yerli, 11,3%-i xarici investisiyalı müəssisələr olub. Həmin il qeydiyyatların 85,1%-i elektron qaydada həyata keçirilib.







