Aprelin 26-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
İclasda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 2023-cü ilin I rübündə görülmüş işlər barədə məlumatlar veriləcək və Yol Xəritəsinin “Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası” adlı 1.2.2-ci bəndi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər verə bilərlər.