Azərbaycanda vergi ödəyicilərinin sayı artmaqda davam edir. 2026-cı ilin mart ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 690 311 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4.9% çoxdur.
Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2026-cı ilin fevral ayında dövlət qeydiyyatından 1 163 kommersiya qurumu keçib. Onların 91.1%-i yerli investisiyalı, 8.9%-i isə xarici investisiyalıdır. Bir il əvvəl – 2025-ci ilin yanvar-fevral aylarında isə 2 632 kommersiya qurumu dövlət qeydiyyatına alınmışdı və onların 89.6%-i yerli, 10.4%-i isə xarici investisiyalı idi.
Vergi ödəyicilərinin strukturunda fiziki şəxslər üstünlük təşkil edir. Belə ki, onların payı 86.8%, hüquqi şəxslər və digər təşkilatların payı isə 13.2% olub. 2025-ci ilin martın 1-nə isə vergi ödəyicilərinin ümumi sayı 1 611 030 nəfər idi və onların 87%-i fiziki şəxslərdən, 13%-i hüquqi şəxslər və digər təşkilatlardan ibarət idi.
Statistikaya əsasən, illik müqayisədə fiziki şəxslərin sayı 4.7%, hüquqi şəxslərin sayı isə 6.3% artıb.
2026-cı ilin mart ayının 1-nə ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 250 vahid təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.9% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin martın 1-nə ölkədə 192 945 kommersiya qurumu qeydiyyatda idi və həmin dövrdə illik artım 8.2% təşkil etmişdi.
Azərbaycanda biznes qeydiyyatında elektron xidmətlərin payı da artmaqdadır. 2026-cı ildə qeydiyyata alınan kommersiya qurumlarının 88%-i elektron qaydada qeydiyyatdan keçib. 2025-ci ildə bu göstərici 86.6% idi. Eyni zamanda, 2026-cı ilin yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97.4% təşkil edib. 2025-ci ildə bu göstərici 96.9% olmuşdu.
2026-cı ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92.1%-i məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb. 2025-ci ildə isə bu göstərici 90% təşkil edirdi.
Bundan əlavə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin martın 1-nə aktiv kommersiya qurumlarının sayı 7.4% artıb






