Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi musbət çıxmış 8191 nəfər aşkarlanmış, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.
Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıdakıları qərara alır:
- 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);
- 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dəkBakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir;
- sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyanrayonlarında yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.
2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:
- siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
- hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;
- xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
- elektrik enerjisinin istehsalı və təchizatı;
- meliorasiya və su təsərrüfatı;
- rabitə xidmətləri;
- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
- çörək məsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);
- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər;
Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.
Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
COVID-19 virusu ilə mübarizədə, insanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdə həmrəylik nümayiş etdirdiklərinə görə vətəndaşlarımıza bir daha təşəkkür edir, özünüzün və yaxınlarınızın səhhəti naminə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə çağırırıq.
Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir.