12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda yaradıla biləcək miqrantların inteqrasiyasının praktiki  modeli

Miqrantların sosial inteqrasiyasının daha effektiv təşkil etmək üçün Portuqaliya-Lissabon, İsveç, Yeni Zelandiya, Niderland-Rotterdam və Çikaqo şəhər-lokal inteqrasiya modellərindən Azərbaycan üçün xarakterik təcrübələrin götürülməsi və bu zaman “dövlət-özəl partnyorluq” prinsipinin əsas hesab edilməsi ilə Azərbaycan Respublikası üçün vahid miqrant inteqrasiya modeli qurmaq olar.

Miqrant və qaçqınların inteqrasiyası məsələsi o qədər mürəkkəb, çoxtərəfli və kompleks prosesdir ki, ayrı-ayrı qrumların (Məs : Azərbaycanda DMX, Qaqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitə, BMT QAK-n Bakı ofisi, BMqT-nin Bakı ofisi, AQAC) müstəqil və pərakəndə şəkildə inteqrasiya proqramları həyata keçirməsi səmərəsiz hesab olunur və az bir qism qaçqın və digər miqrant qruplarının əhatə edir. Bunun üçün DMX, Qaqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT QAK-ın Bakı ofisi, BMqT-nin Bakı ofisi, AQAC və bir sıra QHT-lərin miqrantların inteqrasiyası ilə bağlı fəaliyyətini əlaqləndirəcək, miqrantların inteqrasiya mühitləri olan məktəblərin, kursların, firma və müəssisələrin, ictimai təşkilatların, turizm agentliklərinin miqrantların inteqrasiyası ilə bağlı fəaliyyətinə nəzarət edəcək, onlara müvafiq maliyyə yardımı ayıracaq və həmin müəssisələrdə öz monitorinqlərini həyata keçirək Miqrant İnteqrasiya Koordinasiya Mərkəzinin yaradılması tövsiyyə edilir.  Həmçinin, bu mərkəzin idarə edəcəyi Azərbaycanın Miqrant İnteqrasiya Modeli çərçivəsində Yeni Zelandiya təcrübəsindən götürülmüş Üçtərəfli Məsləhət Şurasının[1] yaradılması və Portuqaliya təcrübəsindən götürülmüş mediatorlardan[2] istifadə nəzərdə tutulur.

Üçtərəfli Məsləhət Şurası miqrantların inteqrasiyası prosesində yaranmış problemlərin 3 tərəfli qaydada : Miqrant İnteqrasiya Koordinasiya Mərkəzi və onun tərəfdaşı olan müvafiq qurumlar, inteqrasiya mühiti olan məkanlar (məktəb, kurs, firma, ictimai təşkilat, turizm agentlikləri) və miqrantların özlərinin iştirakçılığı ilə həllini nəzərdə tutan strukturdur. Mediatorlardan istifadəyə isə Azərbaycanda olan miqrantların müəyyən hissəsinin Azərbaycanla fərqli mədəniyyətlərə malik Hindistan, Pakistan, Banqladeş, Çin və Əfqanıstan kimi ölkələrdən olması əsas verir. Belə ki, bu ölkələrdən olan yeni miqrantlara, əvvəllər özləri də həmin müvafiq ölkələrdən olan miqrant olmuş ancaq sonradan Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş mediatorların bələdçilik etməsi daha effektiv sayılır.

tourists%20in%20azerbaijan

Model çərçivəsində Miqrant İnteqrasiya Koordinasiya Mərkəzinin rəsmi informasiya və yönləndirmə portalının (saytının) fəaliyyət göstərməsi miqrantların öz istəklərinə uyğun inteqrasiya istiqamətinə çıxışını təmin edəcək. Burada həm müxtəlif istiqamətli inteqrasiya məsələləri barədə məlumatlandırmalar həyata keçiriləcək, həm də miqrantları həmin istiqamət üzrə inteqrasiya mühiti olan məkana yönləndirəcək.

Ümumilikdə isə Azərbaycanın Miqrant İnteqrasiya Modeli aşağıdakı istiqamətdə və strukturda  fəaliyyət göstərəcək:

1. Təhsil sahəsində (məktəb və kurslar) : Miqrant İnteqrasiya Koordinasiya Mərkəzi dövlət büdcəsindən və beynəlxalq təşkilatların yerli nümayəndəliklərindən daxil olan maliyyə hesabına məktəb və kurslara miqrantların inteqrasiyasını təşkil etmək üçün maliyyə yardımı ayıracaq. Bunun əsasında miqrantlar həmin məktəb və kurslarda dil öyrənməklə yanaşı, daha böyük sosial layihələrə cəlb olunacaq. Həmçinin, qaçqın övladlarına bir sıra yaxşı infrastruktura malik özəl təhsil müəssisələrində güzəştli təhsil nəzərdə tutulacaq.

Koordinasiya Mərkəzinin digər mühüm funksiyası müvafiq müqavilələr bağlanmış və miqrantların inteqrasiyasına cəlb edilmiş həmin məktəb və kursların miqrantların inteqrasiyası ilə bağlı fəaliyyətinə nəzarət edilməsi, müvafiq monitorinqlərin keçirilməsi olacaq.

Miqrantların əksəriyyətinin Bakı və ətraf ərazilərdə olması onların inteqrasiyası üçün ilkin olaraq Bakının şəhər məktəbləri və kurslarının ayrılmasını nəzərdə tutur. Bu zaman tərəfimdən aparılan araşdırmalar nəticəsində Niderlandın Rotterdam şəhərində tətbiq edilən “Good, better, best” miqrant inteqrasiya təcrübəsinin bir sıra Bakı məktəblərində də tətbiqini zəruri hesab edirəm. Belə ki, elmi potensialın, infrastrukturun yaxşı səviyyədə olduğu, bəzi hallarda (ödənişsiz məktəblərdən əlavə olaraq) isə illik təhsil haqqının 5 min manatı aşmadığı məktəblərdə “Good, better, best” miqrant inteqrasiyası təcrübəsini tətbiq etmək olar.  Belə məktəblər olaraq : 23, 26, 123, 237 saylı Bakı məktəblərini, 132-134 nömrəli Təhsil Kompleksini, 6 nömrəli Məktəb-Liseyi, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanı, S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanı, Bakı Avropa Liseyini və Ankara məktəb-liseyini müəyyən etmişəm. Bu məktəb və liseylərdə rus və ingilis dilli miqrant övladları ilə  yanaşı, ərəb dilli miqrant övladları üçün də Azərbaycan dilinin tədrisi mümkündür. Məktəblərdə yeganə çatışmazlıq isə, ölkəmizdə olan müəyyən qisim Çin vətəndaşı olan miqrantların övladları üçün tədrisin olmamasıdır. Ancaq bu problemi Koordinasiya Mərkəzinin ayırdığı vəsait hesabına aradan qaldırmaq olar.Park in Baku

Bunlardan əlavə, Koordinasiya Mərkəzi ərəb dilli miqrantların inteqrasiyası üçün bu dil üzrə ixtisaslaşması olan Esperanto, Jalal-1 kimi kurslarla da müqavilələr bağlaya bilər.

Bu istiqamətlə bağlı, Koordinasiya Mərkəzinin saytında miqrantı müvafiq məktəb və kursa yönləndirmə sistemi də olmalıdır.

2. Əmək sektorunda (firma və müəssisələr) : Koordinasiya Mərkəzi normal infrastrukturu olan, miqrantların əmək fəaliyyətində və inteqrasiyasında maraqlı olan müəssisələrlə müqavilələr imzalamalı, onlara müvafiq inteqrasiya prosesini təşkil etmək üçün maliyyə yardımları etməli və monitorinqlər keçirdərək həmin müəssisələrin miqrant inteqrasiya fəaliyyətinə nəzarət etməlidir.

Koordinasiya Mərkəzinin saytının əmək sahəsi ilə bağlı müvafiq bölməsində Azərbaycanda iş mühiti, miqrantlarla bağlı əmək qanunvericiliyi, bank sistemi haqda məlumatlar toplusu yer almalı, miqrantların əmək fəaliyyətində maraqlı olan firmaların işə qəbul sisteminə və Məşğulluq Agentliklərinə yönləndirmə həyata keçirilməlidir.

Bundan əlavə Koordinasiya Mərkəzi tərəfindən İsveç təcrübəsində olduğu kimi miqrantlara əmək prosesinə qoşulmazdan öncə erkən peşə hazırlıq kurslarında iştirak üçün subsidiyalar ayrıla,  Argentina – Buenos Ayres təcrübəsində olduğu kimi iş qurmaq potensialında olan miqrantlara güzəştli kreditlər verilə və Çikaqo təcrübəsində olduğu kimi immiqrant mülkiyyətli “pop-up” tipli şəhər xidmətləri müəssisələrinin yaradılması təşviq edilə bilər.

3. İctimai təşkilatlar çərçivəsində : Koordinasiya Mərkəzi miqrantların inteqrasiyasında maraqlı olan ictimai təşkilatlarla müqavilələr imzalamalı, onlara müvafiq inteqrasiya prosesini təşkil etmək üçün maliyyə yardımları etməli və monitorinqlər keçirdərək həmin təşkilatların miqrant inteqrasiya fəaliyyətinə nəzarət etməlidir. Belə təşkilatlara xüsusən gənclər sektorunda fəaliyyət göstərən AİSEC, Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyası, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi, Gənclərin İnkişafı İctimai Birliyi, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi, Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi, “Rezonans” Gənclərin İB, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası, “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi, “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi, AEGEE-Bakı Avropa Tələbə Forumu və digər istiqamətlərdə fəaliyyət göstərən Yaradıcı Qadınlar Assosiasiyası, “Qadın və İnkişaf” Mərkəzi, Qadın Konsensus Mərkəzi, “Qadın və Tərəqqi” İctimai Birliyi kimi ictimai təşkilatları misal göstərmək olar.

Bu istiqamətdə Koordinasiya Mərkəzinin saytında miqrant və qaçqınlar üçün həyata keçiriləcək sosial və mədəni tədbirlər haqda məlumatlar, həmçinin həmin tədbirlərdə iştirak üçün müvafiq ictimai təşkilatın müraciət qəbul sisteminə yönləndirmə olmalıdır.

4. Hüquqi xidmətlərin göstərilməsi sahəsində : Koordinasiya Mərkəzi miqrantlara hüquqi ximətləri və yardımı həyata keçirməkdə maraqlı olan ictimai təşkilatlarla müqavilələr imzalamalı, onlara müvafiq maliyyə yardımları etməli və monitorinqlər keçirdərək həmin qurumların miqrant inteqrasiya fəaliyyətinə nəzarət etməlidir. Belə QHT-lərə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası kimi təşkilatları misal göstərmək olar.

Bu istiqamətdə Koordinasiya Mərkəzinin saytında miqrant və qaçqınlar üçün nəzərdə tutulan hüquqi xidmətlərin siyahısı, həmin xidmətlər haqda məlumatlar, həmçinin həmin xidməti icra edəcək müvafiq təşkilata yönləndirmə sistemi olmalıdır.

5. Turizm şirkətləri çərçivəsində : Koordinasiya Mərkəzi müvafiq turizm şirkətləri ilə müqavilələr bağlamalı, onlara müəyyən maliyyə yardımı əsasında miqrant və qaçqınlar üçün Azərbaycan daxilində güzəştli ekskursiya və turlar təşkil etməlidir. Bu istiqamətdə Koordinasiya Mərkəzinin saytında miqrant və qaçqınlar üçün nəzərdə tutulan ekskursiya və turların siyahısı, onlar haqda məlumatlar və həmçinin ekskursiya və turları təşkil edəcək müvafiq turizm şirkətinə yönləndirmə olmalıdır. Bundan əlavə, ekskursiya və turların miqrantların sosial inteqrasiyasına nə dərəcədə kömək etməyi bağlı, Koordinasiya Mərkəzi ilə miqrantlar arasında daimi əlaqə və qiymətləndirmə təşkil edilməlidir.

Qeyd etdiyimiz modeli həyata keçirən Miqrant İnteqrasiya Koordinasiya Mərkəzinin fəaliyyət mexanizmini isə aşağıdakı kimi göstərmək olar.

Müəllif : Hikmət Təhməzli

[1] Üçtərəfli Məsləhət Şurası miqrantların inteqrasiyası prosesində yaranmış problemlərin 3 tərəfli (Miqrant İnteqrasiya Koordinasiya Mərkəzi və onun tərəfdaşı olan müvafiq qurumlar, inteqrasiya mühiti olan məkanlar (məktəb, kurs, firma, ictimai təşkilat, turizm agentlikləri) və miqrantların özləri) təmsilçilik qaydası ilə həllini nəzərdə tutan strukturdur.

[2] Mediatorlar miqrantların inteqrasiyasına nəzarət edəcək bələdçilərdir, hansı ki, onlar özləri də əvvəl miqrant olublar və sonradan Azərbaycan cəmiyyətinə inteqrasiya olunublar.

Son xəbərlər
Digər xəbərlər