Yaxın müddətdə Azərbaycanda qanuni yaşayan əcnəbilər miqrasiya kartı vasitəsilə SİMA rəqəmsal imza sahibi ola biləcək. Növbəti mərhələdə hüquqi şəxslər və dövlət qurumları da SİMA rəqəmsal imzanı əldə edə biləcəklər. Bir neçə dövlət qurumunun elektron xidmətlərinin “SİMA İmza” ilə rəqəmsallaşdırılması prosesi artıq yekunlaşmaq üzrədir.
Bu barədə “AzInTelecom”dan bildirilib.
Məlumatda qeyd olunub ki, vətəndaşlar üçün “SİMA İmza” əldə etmək ödənişsiz olsa da, fərdi sahibkar imza sertifikatından istifadə etmək üçün aylıq, birillik və üçillik olmaqla abunə tarifləri seçə bilər: “Abunə planının tarifi biraylıq 2.4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib”.
“Şirkətlər üzrə xərclər əldə edilən xidmət növündən asılı olaraq qarşılıqlı razılaşma əsasında tranzaksiya üzrə müəyyən olunur, başqa hər hansı əlavə xərc nəzərdə tutulmur”, – deyə verilən məlumatda bildirilib.