12 C
Baku
Monday, November 25, 2024

“Azərbaycanda yaşayış əmlaklarının 90 %-i sığortadan kənarda qalıb”

Hazırda Azərbaycanda yaşayış əmlaklarının 90 %-i, qeyri yaşayış əmlaklarının 70 %-i icbari sığortadan kənarda qalıb.

Bunu Milli Məclisinin növbədənkənar sessiyasının növbəti iclasında deputat Azay Quliyev deyib.

O bildirib ki, bunun əsas səbəblərindən biri bu gün sığorta bazarına inamın aşağı olmasıdır: “Çünki insanlar əmlaklarını sığortalayacağı təqdirdə onlara çevik formada mexanizmin tətbiqi barədə sualları yaranır. Bu gün Mərkəzi Bank və digər aidiyyəti qurumların, sığorta şirkətlərinin əsas vəzifəsi ictimai etimadı gücləndirmək olmalıdır. İkincisi vacib məsələ sığorta hadisəsi baş verən zaman dəymiş ziyanın müstəqil qiymətləndirilməsi məsələsidir. Eyni zamanda, dəymiş ziyana görə ədalətli ödənişin həyata keçirilməsi məsələsi də var. Mənim təmsil etdiyim 9-cu mikrorayonda bir hadisə oldu. Təbii qaz sızması nəticəsində mənzil tamamilə dağıldı. Həmin mənzillərdən birinə sığorta ödənişi 7 min manat təklif edilib, halbuki mənzil və onun avadanlıqları tamam dağılıb. 7 min manata bu mənzili bərpa etmək mümkün deyil”.

“Digər tərəfdən, sığorta şirkətləri vətəndaşlara SMS göndərir ki, əmlakınızı icbari sığorta etməsəniz, sizə cərimə tətbiq ediləcək. Əlbəttə yaxşı olardı ki, vətəndaş əmlakını sığortalasın. Amma bunun üçün vətəndaşda bir inam olmalıdır. Bu gün ölkədə 20-ə yaxın sığorta şirkəti var. Onların hamısı vətəndaşa SMS yazıb onları evlərini sığortalamağa məcbur etsə, bu ciddi sual doğurar. Onların belə bir hüququ yoxdur. Bu məsələ üçün müvafiq dövlət qurumları var. İkincisi, burda əsassız inhisarçılıq yaranması riski var”, – deyə A.Quliyev əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər