“Minimum pensiyaların və əmək haqlarının artırılması bir sıra sahələrdə ciddi artım, yaşayış minimumu standartlarına və istehlak səbətinin tərkibinə yenidən baxılması zərurətini ortaya çıxaracaq”.
Banker.az xəbər verir ki, bu fikirləri İctimai Televiziyanın “Diqqət Mərkəzi – Yekun” verilişində Report agentliyinin müxbirinin sualına cavabında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həm iqtisadi, həm sosial sahələrdə həyata keçirdiyi islahatlar kompleks xarakter daşıyır. Nazir müavini qeyd edib ki, əhalinin sosial müdafiəsi ilə bağlı bütün məsələlərə hökumət tərəfindən baxılacaq.
“Azərbaycanda yaşayış minimumu haqqında qanun qəbul edilib. Qanunun tələblərinə görə, bir sıra yaşayış minimumu ilə bağlı standartlar, minimum əmək haqqının, pensiyaların və dövlət sosial yardımının məbləği yaşayış minimumu ilə əlaqəlidir. Hər il yaşayış minimumu Milli Məclis tərəfindən təsdiq olunur”.
Nazir müavini vurğulayıb ki, mövcud qanunvericiliyə görə, istehlak səbətinin tərkibinə hər üç ildən bir dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə yenidən baxılır.
“Bu məsələdə iki parametr əsas götürülür: Birincisi, səbətin çeşidi, yəni səbətə daxil olan məhsulların insanın fiziki tələbatını ödəməsi. İkincisi, səbətə daxil olan məhsulların dəyərinin müəyyən olunması. Əlbəttə hökumətdə bu istiqamətdə işlər görülür. Zərurət yaranacağı halda, yaşayış minimumu məbləğinə və istehlak səbətinin dəyərinə yenidən baxılacaq”.