Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” Mərkəzinin açılışını edib.
Banker.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Salyan regional “ASAN xidmət” Mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb.
Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” Mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd “ASAN ödəniş” terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb.
Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.
Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.