Assosiasiyaya sədrlik “Embawood”a veriləcək.
Mebel sənayesinin davamlı inkişafını təşkil etmək üçün Azərbaycanda Mebel Sənayeçiləri Assosiasiya yaradılır.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən “Assosiasiyaların rolunun artırılması: Azərbaycan-Türkiyə təcrübə mübadiləsi” mövzusunda tədbirdə bildirib. O bildirib ki, bu sahənin gələcək inkişafına təsir edəcək bir assosiasya qurulur: “Hazırda assosiasiyanın hüquqi qeydiyyatı ilə bağlı tədbirlər həyata keçirilir. Assosiasiyaya sədrlik “Embawood”a veriləcək.”
Nazir müavini Türkiyə Mebel Sənayeçiləri Assosiasiyası ilə gələcəkdə anlaşma memorandumunun imzalanacağını da qeyd edib.
O bildirib ki, mebelin ixrac potensialının yaradılması həm Azərbaycan, həm də Türkiyə üçün önəmlidir: “Mebel bazarı rəqabətli bazardır. Bu sahənin inkişafı üçün ciddi səylər göstərilir. Müstəqillik dövrümüzdə iqtisadiyyatın təşkil olunması, bazar iqtisadiyyatının formalaşması üçün ciddi işlər görülüb. Digər sahələr olduğu kimi, mebel sahəsi də bazar iqtsadiyyatı şəraitində fəaliyyət göstərir.”
O qeyd edib ki, mebel sənayeçilərinin səyi, əlverişli biznes mühiti nəticəsində mebel istehsalının həcmi ilbəil artır: “Düşünürük ki, bu tendensiya davamlıdır, çünki Azərbaycanda bu sahədə ixtisaslaşan müəssisələr formalaşıb. Deməli, bu sahə də özünü iqtisadi fəaliyyət sahəsi kimi təsdiq edib. Həmçinin Azərbaycanda mebel sənayesi üçün dəstək mexanizmləri var.”
© Report