12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda yeni dövrdə idarəçilərin xüsusiyyətləri

Fəxri Ağayev yazır…

İqtisadiyyat fakultəsində birinci kursda bizlərə başa salınan ən sadə qanun budur: tələb təklifi formalaşdırır. Biznesdə idarəçilərin formalaşması, onların xüsusiyyətləri, bilik, savad, təcrübə və şəxsi keyfiyyətləri də bazarda mövcud tələb ilə müəyyənləşdirilir.

Təklif edirəm ki, öncə idarəçilərin xüsusiyyətlərinə təsir edən amillərə baxaq, sonra bu gün ölkədə biznesin tələbinin nə olduğunu təhlil edək, növbəti addımımız isə müasir Azərbaycanda idarəçilərin xüsusiyyətləri haqqında danışmaq olsun.

İdarəçilərin xüsusiyyətlərinə 4 ana məqam təsir edir

İqtisadiyyat. İqtisadiyyatda bu gün vəziyyət necədir?

• Qeyri-neft sektorunun inkişafına daha çox əhəmiyyət verilməyə başlandı və bu, artaraq davam edəcək;

• Banklardan rahat əldə edilə biləcək kreditlər artıq yoxdur;

• Ümumi pul kütləsində azalma var.

İstehlakçı və davranışları

• Bütün sahələrdə qarşımızda daha rasional qərarlar verən müştəri var;

• Müştəri ödədiyi qiymət qarşılığında ən yüksək keyfiyyət və ən yaxşı xidmət gözləyir və bunda da haqlıdır;

• Müştəri artıq öz haqlarını bilir və bunların təmin edilməsini tələb edir.

Zəmanə tələbləri

• İnsanlıq tarixində daha öncə görülməmiş sürətdə elm və texniki inkişaf;

• Məlumat mənbələrinin sayı çoxaldı və alış-verişi sürətləndi;

• Elektron ticarətin geniş yayılması.

Biznesdə bu günə vəzyyət

• Gəlirlilik. Daha öncəkinin yarısı qədər gəlir əldə etmək üçün artıq 4 dəfə çox çalışmaq lazımdır;

• Brendləşmə. Günümüzdə rəqabət ancaq mağazalarda, vitrinlərdə aparılmır – əsl rəqabət məhsulun mağazaya getməsinə qədər, istehlakçıların beyinlərində olur;

• Kiçilən bazar, azalan pul kütləsi və daha rasional və tələbkar müştərilər nəticəsində rəqabət artmaqdadır.

Dedik ki, tələb təkıifi formalaşdırır. Biznesimizdə bu gün nəyə tələbat var?

İslahatlara. Azərbaycanda şirkətlərin əksəriyyəti böyüklüyündən və miqyasından asılı olmayaraq təşəbbüskarlıq səviyyəsindədir və buna görə də peşəkar idarəçiliyə keçmək vacibdir;

Zamanəni təqib etmək lazımdır, çünki əks halda şirkətlərimiz beynəlxalq bazarlarda rəqabət apara bilməməklə bərabər, ölkə daxilində də xarici məhsullarla yarışda uduzacaqlar;

Sürətli, məhsuldar, effektiv olmaq.

İdarəçi xüsusiyyətlərinə keçmədən öncə idarəçinin kim olduğuna baxaq.

İdarəçi kimdir?   

Müasir bilik və savadı olmayan insanın qapı və vizitkasında “müdir” yazılması, “Lada” üzərinde “Mercedes” loqosunun olması kimidir. Məzmun və mahiyyət “Lada” səviyyəsində qaldıqca, üzərində aksesuarların və xarici görünüşün necə olmasının çox da əhəmiyyəti yoxdur.

İdarəçi vəzifə deyil. İdarəçi – psixologiyadır, həyat tərzidir, düşüncə formasıdır, bilik və savaddır.

Və məqaləmizin ana mövzusu: yeni iqtisadi reallıqlarda rasional müştərilər və davamlı dəyişən biznes mühitində idarəçilər hansı xüsusiyyətlərə malik olmalıdırlar?

Psixoloji güc

• Real misal. Böyük şirkətdə işə başlayırsınız. Firmada konservatorlar var – köhnə komanda və reformatorlar – müasir idarəçilik sistemlərini tətbiq edən idarəçilər. Siz yeni komandada yer alırsınız və hər həftəniz, gününüz və bəzən də saatınız müxtəlif formada mübarizələrdə keçəcək;

• Təzyiq altında işləməli, davamlı haqlı və haqsız tənqidlərə məruz qalaraq yola davam etməli və irəli gedə bilməlisiniz;

• Və nəinki irəli getməlisiniz – müştərilər, tabeçiliyinizdə olan insanlar, rəqib departament və şöbələr, rəhbərlik və sahibkarlar qarşısında davamlı dik durmalı və müsbət enerji verə bilməlisiniz;

• Və nəinki yolunuza davam etməlisiniz və müsbət olmağa çalışmalısınız – həm də işinizdə rəqəmlərlə nəticə verməlisiniz;

İşləri yerinə yetirmək, komanda ilə daim yaxın təmasda olmaq və onlara enerji və motivasiya vermək, konfliktlərlə paralel olaraq həm də nəticə vermək üçün psixoloji güc lazımdır.

Effektivlik

Çox ümumi baxsaq, biznesdə effektivliyin 2 əsas növü var: hesablana bilən və hesablana bilinməyən.

Misal. 100 nəfər əməkdaşı olan şirkətin hər gün 800 saatlıq zaman sərmayəsi var. Bu saatlar ərzində əməkdaşların şirkətin gələcək məqsədləri üçün maksimum faydalı və effektiv şəkildə işləməsi vacibdir.

Bu, işin hesablana bilən tərəfidir, amma məsələ ancaq biznesdə olan saatlar və rəqəmlər deyil. İş dünyasında effektivlik baxımından ön plana KOMANDA məfhumu çıxır. Komanda baxımından isə artıq riyaziyyat fərqli işləyir: 1+1 hər zaman 2-yə bərabər deyil. Bəzən 1+1 0-a bərabərdir, bəzən də 10-a. Bu necə baş verir?

Möcüzəvi söz: Sinerji. Şirkətdə komanda ruhunun varlığı, insanların eyni dəyərlərə malik olması və vahid məqsədlərə yiyələnməsi 1+1-in 2 deyil, 10 olması deməkdir.

Və şirkət daxilində insanların bir nöqtəyə vurmaması, bir-biri ilə mübarizə aparmaları və doğru psixoloji ab-havanın olmaması 1+1-i sıfır edir.

Bu gün Azərbaycan biznesində maliyyə, avadanlıqların və insanların fərd və komanda olaraq işləməsi, sahibkarın və rəhbərin özünün də effektivliyi olduqca mühüm məqamdır.

Davamlı inkişaf

Paradoksal, ziddiyyətli və maraqlı bir məsələni Sizlərə demək istəyirəm.

Biznes dəqiq elm və rəqəmlərdir. Amma eyni anda biznes – müştəri davranışları, beynəlxalq bazarlar, valyuta, məhsul, texnika və texnologiya, rəqiblərin davranışları, əmək bazarı xüsusiyyətləri kimi onlarla meyarlara bağlı və buna görə də davamlı qeyri-müəyyənliklərlə dolu fəaliyyətdir. Bəzi hallarda atacağımız addımların və alacağımız qərarların dəqiq hansı nəticələrə gətirəcəyini bilmirik.

Yeni iqtisadi şərtlər ancaq nəzəri və texniki bilikləri tələb etmir – qeyri-müəyyən və böyük sürətlə dəyişən şərtlərdə idarəçilərin analitik düşüncə tərzi olmalıdır.

Buna əlavə olaraq, bilik statistik deyil – dinamikdir, davamlı hərəkətdə, inkişafdadır.

Sadə misal:

• Mənim 20 il öncə Mərmərə Universitetində aldığım o dövrün ən müasir bilikləri artıq tarixdir;

• 3 il öncə marketinq sahəsində istifadə etdiyimiz alətlərin hamısı bu gün o qədər də təsirli deyil.

İş həyatı böyük sürətlə gedən qaçış zolağı kimidir. Geri qalmamaq üçün iti addımlarla irəliləməlisiniz, inkişaf etmək və fərqlənmək üçün isə sürətli qaçmağı bacarmalısınız.

Biliklərinizlə

Davamlı inkişaf artıq zəmanə tələbi belə deyil – bu, qaçılmaz ehtiyacdır.
(Davamlı inkişafın əhəmiyyəti haqqında hekayəni bu linkdən oxuya bilərsiniz : https://oxu.az/society/357861)

Fərdi brend

Həyatımızın hər dövründə – tələbəlik illərində, iş axtararkən, yeni işə başlayarkən, mütəxəssis və rəhbər olarkən, bizim kimi minlərlə insanlar var. Karyeramız uğrunda biz onlarla davamlı rəqabətdəyik.

Fərdi brend nədir?

Fərdi brend sizləri, minlərlə sizinlə eyni yaşda olan insanlardan fərqləndirəcək bir anlayışdır. Şəxsi və işgüzar keyfiyyətlərin toplusu və adınız çəkiləndə ilk ağıla gələn assosiasiyadır.

Danışıq tərzi, geyim, bədən diliniz, istifadə etdiyiniz sözlər belə – hamısı cəmiyyətə və ətrafınızda olan insanlara mesajdır. Məşhur “35 yaşa qədər mən adıma işlədim, 35 yaşımdan sonra isə adım mənə” sözləri məhz fərdi brend haqqındadır.

Liderlik

Çox geniş, dərin və fəlsəfi mövzu olduğuna görə, əsas 3 məqamı qeyd edəcəyəm.

1. İnsanları bu məsələdə ruhdan salan “Lider doğulmurlar, lider olurlar” sözləridir.

Əslində isə liderlik – təsadüf, genlərin toplusu, vəzifə, bəxt və ya lotereya uduşu deyildir.

Lider olmaq alınan qərarların və edilən seçimlərin nəticəsidir.

Mən və bu məqaləni oxuyan hər kəs qərar veririk ki, bədən dili texnikaları haqqında oxuyaq, bunları icra edək və danışmadan öncə belə lider olduğumuz haqqında insanlara mesajlar verilsin.

Mən kimlərlə necə və nə qədər ünsiyyətdə olmağı seçirəm və bir müddət sonra ünsiyyətdə olduğum insanların müsbət və mənfi tərəfləri mənə keçir.

2. Liderliyin idarəçilikdən ən böyük fərqi odur ki, idarəçi digərlərini idarə edir, lider isə… öncə özünü, sonra digərlərini. Başqalarını idarə etmək və onlara istiqamət göstərmək asandır, amma insanın nəfsinə hakim olması və ƏMƏLLƏRİ ilə digərlərini idarə etməsi fərqlidir. Liderlik insanın özündən, içindən başlayır.

3. Liderlik ancaq yüksəklikdə olan insanlarda olmur – yüksəlmədən öncə həyatımızın bütün mərhələlərində olur.

Bu gün Azərbaycan biznesinin liderliyi bacaran idarəçilərə ehtiyacı var – öncə özünə, daha sonra da digərlərinə liderlik edə bilən insanlara.

Karyera dağa çıxmaq kimidir.

Öncə dağın ətəyində minlərlə insan olur. Yüksəklik artdıqca havada olan oksigen də azalır, çətinliklər, maneələr artır. Bu gün üzərində olduğunuz yüksəkliyə çıxmaq üçün istifadə etdiyiniz texnikalar artıq təsirli olmayacaq

– yeni yüksəkliklər üçün yeni bacarıqlara yiyələnməlisiniz.

Yeni dövrdə idarəçilərin xüsusiyyətlərini bir cümlədə belə ifadə etmək olar: Davamlı inkişaf edərək effektivliyə əhəmiyyət verən və şəxsi brend olan psixoloji güclü liderlər.

Son xəbərlər
Digər xəbərlər