5 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda Yeni il bayramı və turizm: otellərdə yer qalmayıb

Hər il yeni il ərəfəsində vətəndaşlarımız müxtəlif regionlarımıza və xarici ölkələrə səfərlər edirlər. Eyni zamanda bayram günlərində ölkəmizdə, xüsusilə paytaxtda xarici ölkələrdən olan turistlərə də rast gəlirik. Bu baxımdan deyə bilərik ki, digər əlamətdar günlər kimi, Yeni il bayramı da turizm sektoru üçün mühüm əhəmiyyət kəsb edir.

Yeni il bayramı ərəfəsində ölkənin turizm həyatında baş verən proseslərlə daha yaxından tanış olmaq üçün bu sahənin mütəxəssisləri ilə əlaqə saxlamışıq.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun qeyd etdiyinə görə ölkədə artıq otellərdə yer qalmayıb: “Otellərdə dekabrın 30-undan yanvarın 5-nə kimi bütün yerlər bron edilib. Bu, əslində bizdə otel sayının az olmasını göstərir. Əsasən regionlarda otellərin inşasına ehtiyac var. Hətta 1, 2 və 3 ulduzlu otellər tikilməlidir ki, bayramı hər kəs gözəl keçirə bilsin. Təəssüf ki, bizdə otel qiymətləri çox bahadır. Otellərin çoxu heç aldıqları pulun 50%-i dəyərində xidmət göstərmirlər. Sağlam rəqabət olması üçün otellərin sayı çox olmalı və müxtəlif qiymətlər təklif edilməlidir. Sahibkarlara da vergi ödənişləri və torpaq sahələrinin qiymətində güzəştlər edilməlidir ki, onlarda həm otel inşa etməyə həvəs yaransın, həm də aşağı qiymətə xidmət təklif etsinlər. İki ulduzlu otellər tikib orda normal xidmət göstərsək, 5 ulduzlu otellərin də müştəriləri ora gələcək. 3-5 il müddətinə vergidən azad edilmə də sahibkarlara geniş imkanlar yarada bilər. Belə təcrübələrə qonşu ölkələrdə, xüsusən Türkiyədə çox rast gəlmişik”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun: “Yeni il bayramı ərəfəsində Azərbaycana əsasən Rusiyadan, Ərəb ölkələrindən, İrandan, Gürcüstandan turistlər gəlir”.

Onun sözlərinə görə, Yeni il bayramı ərəfəsində Azərbaycana əsasən Rusiyadan, Ərəb ölkələrindən, İrandan, Gürcüstandan turistlər gəlir: “Gələn turistlər həm paytaxtda qalır, həm də bölgələrimizə səfərlər edirlər. Ölkəmizdə yaşayan xarici vətəndaşlar da təqribən dekabrın 25-dən etibarən öz ölkələrinə üz tuturlar”.

M. Ağakərimovun qeyd etdiyi kimi, bizim vətəndaşlar ən çox Rusiyaya gedirlər. Bundan əlavə Gürcüstan, BƏƏ, Türkiyə və Fransaya gedən vətəndaşlarımız da az deyil.

turist1

“Biz yerli və xarici turistləri cəlb etmək üçün otel qiymətlərini ucuzlaşdırmalı, xidmət səviyyəsini və çeşidini artırmalı, müxtəlif yaş qrupları üçün rəngarəng əyləncəli proqramlar təklif etməliyik. Bu sahədə Türkiyə təcrübəsindən səmərəli istifadə etmək lazımdır”, – Turizm Assosiasiyası sədrinin müşaviri bildirib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev turizm sektorunda yeni ilə hazırlıq prosesinin artıq oktyabr ayından başladığını bildirib: “Regionlardakı otellərdə demək olar ki, artıq yer yoxdur. Biz bu proseslərə oktyabr ayından başlamışıq. Əsasən də Qəbələ və Qusar istiqamətində daha çox intensivlik müşahidə olunur. Xaricdən gələn turistlər arasında Körfəz ölkələrindən, İsraildən, Hindistandan, Pakistandan gələnlər çoxluq təşkil edir. Artlq bütün otel və mehmanxanaların ödənişləri əvvəlcədən edilib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev: “Noyabr ayından başlayaraq ölkədəki turizm nümayəndələri öz məhsullarını beynəlxalq partnyorlara, təmsilçiliklərə təqdim edirlər”.

Azərbaycan vətəndaşlarının da xaricə getməsi üçün təqdim edilən kampaniyalar artıq bitib. Artıq hava və quru nəqliyyatı vasitəsilə sərnişin daşınması sahəsində demək olar ki, yerlər dolub. Bizim turistlər Yeni il bayramı ərəfəsində əsasən Monteneqro, Türkiyə, BƏƏ istiqamətinə, Avropa və MDB ölkələrini paytaxt şəhərlərinə üz tuturlar. Bakıda bayram təntənəsi heç də MDB ölkələrindən zəif keçirilmir. Bu il də xüsusi hazırlıq aparılır. Artıq noyabr ayından başlayaraq ölkədəki turizm nümayəndələri öz məhsullarını beynəlxalq partnyorlara, təmsilçiliklərə təqdim edirlər”.

“Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyev Azərbaycanda bayram günlərinin Avropa ölkələrindən aşağı səviyyədə keçirilmədiyini vurğulayıb: “Hər il bayram ərəfəsində digər vaxtlar ilə müqayisədə turizm sektorunda xüsusi canlanma olur. Azərbaycana gələn və ya burdan gedən turistlər əlamətdar günlərdə bilet və otaq sifarişlərini mümkün qədər tez edirlər. Xüsusən ölkəyə gələn turistlər öz sifarişlərini artıq oktyabr ayından vermiş olurlar. Azərbaycanın turizm sektorunda ilbəil artım müşahidə olunur. Bu artımın davamlı olması üçün biz Azərbaycana gələn hər bir turistə individual yanaşma tətbiq etməliyik. Çünki onların burdan xoş təəssüratla ayrılması növbəti turist axınının təminatçısı olur”.

R.Quliyev hesab edir ki, turist mübadiləsi olmadan turizm siyasətini qurmaq olmaz: “Məsələn, bu gün Azərbaycandan Dubaya turist getməsə, Dubay Bakıya turist göndərməz. Turizmdə mütləq qarşılıqlı əməkdaşlıq olmalıdır. Burada ölkələrarası münasibətlər də mühüm rol oynayır. Azərbaycanda bayram günləri heç də Avropa ölkələrindən aşağı səviyyədə keçirilmir. Bu cür əlamətdar günlərlə bağlı bizdə təşkilatçılıq çox yüksək səviyyədədir.

Turizm üzrə ekspert Rəhman Quliyev: “Otellərdə bahalaşmaya yol vermək olmaz”.

Bayram ərəfəsində Azərbaycana gələn turistlər içində ərəb turistləri xüsusi qeyd etmək olar. Ərəb ölkələri isti ölkələr olduğuna görə qışda ərəblər Azərbaycana əsasən qar görmək üçün gəlirlər. Onlar bizim regionlarımızı, təbiətimizi çox sevirlər. Düşünürəm ki, regionlarda festivalların sayını bir qədər də artırmaq, ekoturizm çərçivəsində keçirilən layihələrə heyvandarlıqla məşğul olan insanları da cəlb etmək lazımdır. Ərəblər bizim dağlarda quzu kəsib kabab etməyi çox sevirlər. Onlar üçün ölkəmizin xüsusi cəlbediciliyi buranın tolerant bir ölkə olmasıdır. Avropalılar isə Bakıya daha çox yaz-yay aylarında gəlməyə üstünlük verirlər”.

Onun sözlərinə görə, Azərbaycandan kənara gedən turistlər isə əsasən Dubaya, Türkiyəyə, Gürcüstana, Avropanın dağ-xizək kurortlarına üz tuturlar: “Artıq dünya ölkələrində bayram günlərində tətbiq edilən elə bir turizm təcrübəsi yoxdur ki, biz onu götürüb ölkəmizdə tətbiq etməyək. Zaman getdikcə həmin təcrübələri daha da təkmilləşdirəcəyik. Ölkəmizdə qış turizm mərkəzlərinə misal olaraq Qusarda “Şahdağ” qış-yay turizm kompleksi, Qəbələdə “Tufandağ” qış-yay turizm kompleksini göstərmək olar. Şəkidə də qış turizmi ilə bağlı bir neçə yerə baxış keçirilir və layihələr hazırlanır. Gələcəkdə turistlərin sayı artdıqca müxtəlif alternativ variantları müzakirə edə bilərik. Amma təəssüf ki, biz hələ də Azərbaycanda Türkiyə otellərindəki servis xidmətinin dublikatını yarada bilməmişik. Mən bir neçə il bundan öncə də demişdim ki, biz otel işçilərini Antalyaya pulsuz təlimlərə göndərməliyik”.

Oteldə qonaqlama qiymətlərinə gəlincə isə, R.Quliyev qeyd etdi ki, otel xidmətlərində bahalaşmaya yol vermək olmaz: “Qiymət siyasətini düzgün aparmaq lazımdır. Mən bütün dünyanı gəzdim, yalnız Azərbaycanda iki menu gördüm, biri xaricilər üçün, biri azərbaycanlılar üçün. Bütün bunlarla bərabər turizm sektorunda nəaliyyətlərimiz çoxdur və inkişafa doğru gedirik. Bu istiqamətdə Dövlət Turizm Agentliyi çox ciddi işlər aparır, müxtəlif layihələr həyata keçirir. Biz də turizmçilər olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının ətrafında sıx birləşir, onların göstərişlərinə əməl etməyi özümüzə borc bilirik”.

©Report

Son xəbərlər
Digər xəbərlər