9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda yeni komissiya yaradılır

Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Müdafiə Sənayesi Nazirliyi) tərəfindən satınalma komissiyası yaradılacaq, komissiya onun adından satınalmanı keçirəcək və bu Qaydada nəzərdə tutulan hallarda nəticəsi barədə qərar qəbul edən müvəqqəti işçi qrup kimi fəaliyyət göstərəcək.

Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası” nda əksini tapıb.

Qaydaya əsasən, satınalmalar üzrə biri sədr olmaqla, tək sayda azı 5 (beş) nəfərdən ibarət satınalma komissiyası satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təyin edir. Satınalma komissiyasının tərkibinə satınalan təşkilatın rəhbərinin müavini, maliyyə, hüquq, daxili nəzarət və təchizat funksiyalarını həyata keçirən struktur bölmələrin rəhbərləri daxil edilir. Satınalma komissiyasının sədri satınalan təşkilatın rəhbərinin müavini olur.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və onun strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə satınalma komissiyası müdafiə sənayesi naziri tərəfindən formalaşdırılır.

Tək sayda azı 5 (beş) nəfərdən ibarət satınalma komissiyasının tərkibinə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Aparatının aidiyyəti struktur bölməsinin rəhbəri də daxil edilir. Satınalma komissiyasının sədri “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru olur.

Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan digər müəssisələrə və qurumlara münasibətdə satınalma komissiyası bu Qaydanın tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müdafiə sənayesi naziri tərəfindən formalaşdırılır və satınalma komissiyasının sədri Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini olur.

Satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qaydanı rəhbər tutmaqla sərbəst qəbul edir. Satınalma komissiyasının iclaslarında, o cümlədən satınalmanın nəticələri haqqında qərar qəbul olunarkən komissiya üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları komissiya sədrinin iştirakı ilə sadə səs çoxluğu ilə qəbul edilir.

Komissiya üzvlərinin səsvermə zamanı bitərəf qalmasına yol verilmir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir. Satınalma komissiyasına şərtlər toplusunun tərtib olunması, Qanunda göstərilən sənədlərə və təkliflərə baxılması, onların qiymətləndirilməsi məqsədilə Qanunun tələbləri nəzərə alınmaqla kənar məsləhətçilər (ixtisaslı mütəxəssislər və ya ekspertlər) cəlb edilə bilər.

Satınalma komissiyası aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir:

– şərtlər toplusunun təsdiq edilməsi haqqında;

– şərtlər toplusunda dəyişiklik edilməsi haqqında;

– təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında;

– satınalmanın ləğv edilməsi haqqında;

– təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında;

– satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında;

– təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində başa çatmadıqda, bu müddətin uzadılması haqqında.

Qərarlar onların qəbul olunmasında iştirak etmiş satınalma komissiyasının bütün üzvləri tərəfindən həmin gün imzalanır.

Satınalma komissiyasının qərarları ilə razılaşmayan üzvlər öz xüsusi rəylərini təqdim edərək qərarı imzalayırlar. Xüsusi rəy iki və daha artıq üzvlə birgə və ya fərdi rəylər şəklində tərtib edilə bilər.

Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır.

Satınalma komissiyasının bütün qərarları protokolla rəsmiləşdirilir. Satınalma komissiyası satınalmaları Qanunun tələbləri nəzərə alınmaqla təşkil edir.

Satınalma komissiyasının sədri və digər üzvləri bu Qayda ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidirlər.

Satınalma komissiyası bu Qaydadan irəli gələn tələbləri pozduqda, təchizatçılar satınalan təşkilatın rəhbərinə (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə) müraciət edə bilərlər. Satınalan təşkilatın rəhbəri satınalmanın təşkili və keçirilməsi zamanı bu Qaydanın tələblərinin pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa satınalma komissiyasının sədri və digər üzvləri 5 (beş) il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilirlər.

Son xəbərlər
Digər xəbərlər