Azərbaycanda yerli qaz sayğacları quraşdırılacaq.
Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bildirib.
Şöbə rəisinin sözlərinə görə, ötən ilin noyabrın 4-də SOCAR “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında məişət tipli qaz sayğaclarının gələcəkdə istehsalı ilə bağlı yoxlanışın aparılması, əməkdaşlığın qurulması ilə bağlı imzalanan memoranduma əsasən iki min ədəd qaz sayğacının artıq hazır olduğunu qeyd edib.
“Yaxın günlərdə hazırlanan sayğaclar təhvil götürüləcək və Birliyin Metrologiya Departamentində sınaq qurğularında yoxlanışı həyata keçiriləcək. Yoxlanışın nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək”, – qurum rəsmisi qeyd edib.
Həmçinin Rövşən Məhyəddinov növbəti ildən smart-kart tipli qaz sayğaclarının alışının nəzərdə tutulmadığını bildirib. Qurum rəsmisi qeyd edib ki, artıq ağıllı sayğacların quraşdırılması nəzərdə tutulub və bu sayğac da digər sayğaclardan daha üstündür.