2025-ci ilin ilk yarısında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artsa da mənzil qiymətlərindəki bahalaşma indeksi azalmaq bilmir.
Banker.az xəbər verir ki, rəsmi məlumatlara görə, bu ilin yanvar–iyun aylarında ölkə üzrə 12 min 955 mənzil istifadəyə verilib. Onların ümumi sahəsi 1 milyon 830.5 min kvadrat metr təşkil edib. Müqayisə üçün, 2024-cü ilin analoji dövründə cəmi 5 min 204 mənzil istismara qəbul olunmuşdu və onların sahəsi 702.9 min kvadrat metr idi.
Artımın əsas hissəsi fərdi yaşayış və bağ evlərinin payına düşüb. Belə ki, 2025-ci ilin ilk yarısında bu kateqoriyada 10 min 814 mənzil (1.65 milyon kvadrat metr) istifadəyə verilib. Ötən ilin eyni dövründə isə bu göstərici 4 min 331 mənzil və 633.8 min kvadrat metr olmuşdu.
Dövlət müəssisələri tərəfindən inşa edilən evlərin sayı əhəmiyyətli dərəcədə azalıb. 2024-cü ilin ilk yarısında dövlət müəssisələri 426 mənzil tikmişdisə, 2025-ci ildə bu rəqəm 69-a enib. Onların ümumi sahəsi 6.6 min kvadrat metr təşkil edib ki, bu da ötənilki 32.4 min kvadrat metrdən xeyli aşağıdır.
Əvəzində qeyri-dövlət müəssisələrinin fəaliyyəti nəzərəçarpacaq dərəcədə genişlənib. Əgər ötən ilin ilk altı ayında bu qurumlar tərəfindən cəmi 447 mənzil (36.7 min kvadrat metr) inşa edilmişdisə, bu ilin müvafiq dövründə 2 min 72 mənzil (172.9 min kvadrat metr) istifadəyə verilib.
Bununla belə, Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən mənzil qiymətləri indeksi (mənzil bazarında ümumi qiyməti ölçən indeks) 2025-ci ilin iyun ayında illik 13.8 faiz olmaqla öncəki rübdəki 14.4 faizdən az olsa da, keçən qeydə alınan bir rəqəmli göstəricidən xeyli yuxarıdır. Tikinti qiymətləri indeksi isə 0.6% artıb.