Yaxın 2-3 il ərzində Azərbaycanda xəstəliklərə, zərərvericilərə, şoranlığa və quraqlığa qarşı davamlı olan yeni pambıq sortları yaradılacaq. Bu, Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) birgə həyata keçirdiyi layihə nəticəsində mümkün olacaq. Artıq layihənin birinci mərhələsi üzrə xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xəttlərinin yaradılması uğurla başa çatıb.
Layihə nazirliyin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu tərəfindən həyata keçirilir. AEBA əməkdaşlarının təqdim etdiyi metodikaya əsasən, 12000 pambıq toxumu AMEA-nın Radiasiya Problemləri İnstitutunda müəyyən dozalarda şüalandırılıb və əkini aparılıb. Üç il ərzində layihə çərçivəsində Mutant-1, Mutant-2 və Mutant-3 nəsil bitkilər alınıb və bitkilər xəstəlik, quraqlıq və şoranlığa davamlılıq xüsusiyyətlərinə görə seçilib. Yekunda üç il davam edən layihə nəticəsində Azərbaycanda yerli pambıq sortlarından quraqlığa və şoranlığa davamlı mutant xətlər almaq mümkün olub.
Əkinçilik Elmi Tədqiqat İnstitutunun mütəxəssisi Yaqub Quliyev bildirib ki, layihənin məqsədi şüalandırma yolu ilə pambıq toxumlarından mutant genetiplərin əldə olunmasıdır: “Həmin genotiplər əkildikdə birinci il M1 genotiplər, ikinci il M2 genotiplər, üçüncü il isə M3 genotiplər yaranır. Burada məqsəd həmin mutant genotiplərdə özlərinə xas olan əlamətlərin stabilləşməsi və sonradan yeni sort alınmasıdır. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, adi, klassik seleksiya yolu ilə yeni sort 10-12 ilə alınırsa, bu texnologiyanın tətbiqi ilə sortun alınması ən azı iki dəfə qısalır. Yəni, 5-6 ilə yeni sort almaq mümkündür. Qeyd etdiyim kimi, artıq bizdə Mutant-3 genotiplər alınıb, həmin xətlərin sorta çevrilməsi üçün bu seleksiya prosesinin yaxın üç ildə klassik metodlarla davam etdirilməsi nəzərdə tutulur. Mutant xətlərdə qazanılmış əlamətlərin, yəni şoranlığa, yaxud quraqlığa qarşı əlamətlərin stabilləşməsi üzrə işlər davam etdiriləcək və yaxın 2-3 ilə Azərbaycanda şoranlığa və quraqlığa qarşı yeni pambıq sortları əldə olunacaq”.
Qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirinin azaldılması məqsədilə quralqığa, şoranlığa, xəstəliklərə qarşı dözümlü olan yeni pambıq sortlarının yaradılması aktual məsələyə çevrilib. Yeni sortların yaradılmasına uzun illər lazımdır, nüvə texnologiyalarından istifadə yolu ilə istənilən yeni bitki sortunun yaradılması müddətini ən azı iki dfə azaltmaq mümkündür. Şüalanma nəticəsində toxumların genetikasında olan bütün gizli xüsusiyyətlər üzə çıxır və lazım olan xüsusiyyətlər, məsələn məhsuldarlıq, quraqlığa davamlılıq və əlamətlərə görə seçmə aparılır. Ənənəvi üsulda bu işin aparılması uzun illər çəkir, nüvə texnologiyalarından istifadə isə yeni sortun yaradılması 5-6 ilə yekunlaşır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdovun sözlərinə görə, dünyada qlobal iqlim dəyişikliyi gedir, bu proses ölkəmizə də öz təsirini göstərməkdədir. Kənd Təsərrüfatı Nazirliyi olaraq belə bir şəraitdə iqlim dəyişikliyinə adaptasiya edən texnologiyaların yaradılması, eyni zamanda, yeni məhsuldar, xəstəliklərə, şoranlığa, quraqlığa davamlı sortların yaradılması əsas hədəflərdən biridir. “Bu istiqamətdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə əməkdaşlıq çərçivəsində nüvə texnologiyasından istifadə edərək, şüalandırma yolu ilə yeni mutant pambıq sortlarının, hibrid sortların alınmasına nail olmaq istəyirik. 2019-cu ildən başlayaraq üç illik bir layihə icra olundu və çox uğurlu nəticələr əldə edildi, mutant xətlər alındı. Birinci, ikinci və üçüncü nəsil mutant xətlər institutun seleksiya proqramına cəlb olunub. Məqsədimiz xəstəliyə, zərərvericilərə, şoranlığa, quraqlığa davamlı yeni sortların alınmasıdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, alınmış mutant xətlərdə quraqlığa və şoranlığa davamlılıq əlamətlərinin tam stabilləşməsi üçün əldə olunan yeni xətlər Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun seleksiya proqramına daxil edilib. Bundan sonra adi seleksiya prosesinin davam etirilməsi yolu ilə quraqlığa və şoranlığa davamlı pambıq sortlarının alınacaq.
Layihənin uğurla həyata keçirilməsi üçün Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əməkdaşları 2018-ci və 2019-cu illərdə Türkiyənin Sarayköy Nüvə Araşdırma və Təhsil Mərkəzində təlimlərdə iştirak ediblər.