Azərbaycanda istehsal edilən avtomobillərin sayı məlum olub. Söhbət burada Daxili İşlər Nazirliyində qeydiyyatda olan minik avtomobillərindən gedir.
Banker.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ilin 1 yanvarına olan göstəriciyə əsasən, Neftçala Sənaye Parkında İranla birgə istehsal edilən “Khazar” avtomobillərinin sayı 7 313 ədəd təşkil edib.
Bu 2023-cü ilin əvvəlində 6 907 ədəd olduğunu nəzərə alsaq son bir ildə 406 və ya 5.88% ədəd artımdır.
Naxçıvan Avtomobil Zavodunda istehsal edilən “NazLifan”ların sayı son bir ildə 38 ədəd artaraq 5 733 ədəd təşkil edib. Ötən ilin əvvəlində 5 695 ədəd idi.
“Azsamand”ların sayı isə 3 392 olmaqla demək olar ki dəyişməz qalıb.
Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən 2023-cü ildə Azərbaycanın yerli avtomobil zavodlarında ümumilikdə 3 738 minik avtomobili istehsal edilib və bunların da cəmi 17 ədədindən başqa hamısı satışa yönəldilib. İstehsal illik müqayisədə 82% artıb.