10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda yerli tinglərə maraq niyə azalıb?

Ağac tingləri əsasən payız və yaz aylarında əkilsə də, tingçiliklə məşğul olan fermerlər becərdikləri məhsulu bu il elə də asan sata bilməyiblər. Fermerlər müxtəlif növ məhsuldar ağacların tingini yazda satmaq ümidi ilə becərsələr də, indi bazarda durğunluq müşahidə edilməkdədir.

Bağlarda yeni ağaclar əkmək üçün payız və yaz fəsli ən ideal dövr sayılır. İndi ağac əkməyin, yaşıllıqlar salmağın əsl vaxtıdır. Buna görə də, hazırda bazarlarda müxtəlif meyvə və dekorativ ağac tinglərinə rast gəlmək olur.

Tovuzda hər il minlərlə ağac tingi becərilərək mövsüm vaxtı satışa çıxarılır. Bu il də satışda ərik, alça, gavalı, heyva, xurma, şaftalı və digər meyvə ağaclarının tinglərini görmək olur. Qiymətlər də münasibdir – 1 manatdan 10 manata qədər. Satışa çıxarılan tinglər məhsuldar olsun deyə körpə vaxtında peyvənd edilir.

Qiymətlər ucuz olsa da, fermerlər alıcı sayının xeyli az olduğunu deyirlər. “Mən qırx ildir ağac işi ilə məşğulam. Ting yetişdirib, satıram. Alıcılıq qabiliyyəti əvvəl yaxşı idi. Biz bu iş üçün əziyyət çəkirik ki, yaxşı qiymətə sataq. Camaat da istəyir məhsul alsın, amma su probleminə görə alıcılıq qabiliyyəti aşağıdır”, – deyə fermer Vəli Adıgözəlov bildirib.

Artıq ağac əkini dövrü də yavaş-yavaş başa çatmaq üzrədir. Ağaclarda sürətlə oyanma gedir, buna görə də, bağ salanlar, ağac əkənlər öz işlərini yekunlaşdırmaq üzrədirlər.

Ağac bazarlarında durğunluğun yaranmasına bir neçə başlıca səbəb var. Bunlardan biri xarici sort meyvə ağaclarının ölkəmizə gətirilməsidir. Alıcılar yerli fermerlərin becərdiyi tinglərdən çox, bu ağaclara maraq göstərirlər. Digər səbəb isə suvarma ilə bağlı yarana biləcək çətinlikdir. Bu problemi düşünən bağ sahibləri ting almaqda tərəddüd edirlər. Bəzən də susuzluğa davamlı ağac növlərini seçməli olurlar. Mütəxəssislər isə hesab edirlər ki, yerli tinglərə marağın azalmasına səbəb onların müasir tələbata cavab verməməsidir.

“Satışdakı tinglərin məhsuldar olacağına zəmanət ala bilmirik. Burada calaqaltı problemi də var. Müasir bağlarda görürsüz, tələbat belədir: ağacların boyu çox yüksək olmamalıdır. Maksimum 3-3.50 santimetr olmalıdır. Bağ 1-3 il ərzində məhsul verməlidir. Ona görə də iri fermer təsərrüfatları, intensiv bağçılıqla məşğul olan təsərrüfat sahibləri xarici sortlara üstünlük verirlər. Çünki onların tələbatına xaricdən gətirilən tinglər cavab verir. Ona görə də yerli istehsalçıların məhsul satışı çox zəifdir. Həmçinin dəfələrlə olub ki, onlardan alınan məhsul dedikləri sort olmur, ya da istənilən keyfiyyətdə, məhsuldarlıqda məhsul olmur. Ona görə də üstünlük xaricdən gətirilən tinglərə verilir”, – deyə aqronom Mehman Dadaşov vurğulayıb.

Su ilə bağlı problemə gəldikdə, aqronom əlavə edib ki, bu, qlobal problemdir. Bu problemi həll etmək üçün isə mütərəqqi üsullardan istifadə olunmalıdır. Bununla da suya dəfələrlə qənaət edilər. Həmçinin məhsuldarlıq fermerin ürəyincə olar.

 

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər