8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda yerli üzüm sortlarına maraq azalır – Fransadan gətirilən sortlar üstünlük qazanır

Son illər fermerlərin xaricdən gətirilən məhsuldar süfrə sortlarına marağı artıb. Nəticədə üzüm bağlarında məhsuldarlıq da çoxalıb. İndi demək olar ki, qərb bölgəsində becərilən əksər üzüm növləri xaricdən gətirilən məhsuldar sortlardır. Ənənəvi yerli sortlara isə getdikcə maraq azalır.

Üzümçülük kənd təsərrüfatının gəlirli sahələrindədir. Hər il üzüm bağları genişləndirilir, xaricdən yeni şitillər gətirilir, üzüm bağları yenilənir. Bunun hesabına da yüksək məhsul əldə edilir. Tovuzun əsasən, üzümçülük kəndi kimi tanınan Aşağı Quşçu kəndində də xarici sort üzümlərə maraq artıb. Tovuzlu fermer Kamil Hüseynov deyir ki, son illər üzüm bağında üstünlüyü xaricdən gətirdiyi üzüm sortlarına verir. Bu sortlardan yaxşı məhsul da götürür. Bildirir ki, ixrac üçün tələbat da bu cür üzüm növlərinədir. “Təxminən 15 il bundan əvvəl biz yerli üzüm sortlarına üstünlük verirdik. Son vaxtlar isə Fransadan gətirilən sortlar üstünlük təşkil edir. “Redblok”, “Mişel”, “Viktoriya” kimi məhsuldar süfrə üzümlərindən əkmişik və onların məhsuldarlığı çox yaxşıdır”, – deyə fermer vurğulayır.

Bəzi fermerlər isə keyfiyyətinə görə yerli sort üzümlərə üstünlük verirlər. “Merlot” dediyimiz üzüm sortu var, qiyməti yaxşı olur, Rusiya bazarlarında da alıcısı var. Ona görə bir çox fermer bu sortdan əkib. Bizim dədə-baba üzüm sortlarımız da var. Mən özüm bu üzüm sortlarından becərirəm. Məsələn, “Bolqar”, “Musqat”, “Təbrizi”… Bəzi yerli üzümlər texniki sortdur. Şərab zavodları olmadığından insanlar süfrə sortundan olan üzümləri becərir”, – deyə fermer Şakir Abbasov bildirir.

Hazırda bağlarda dərmanlanma və üzümün yaşıl budaqlarının bağlanması prosesi aparılır. Bundan sonra sortundan asılı olaraq 3-5 dəfə suvarılacaq. Xəstəliklərdən qorunması üçün müəyyən tədbirlər də görülməlidir.

Qeyd edək ki, Tovuzda 820 hektardan çox üzüm bağı var. Qərb bölgəsində üzüm yığımına avqust, sentyabr ayında başlanacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər