8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda zədələnmiş və köhnəlmiş əskinaslarla davranmaq qaydası açıqlanıb

Uzun müddət istifadə olunduğu üçün köhnəlmiş, azacıq cırılıb zədələnmiş əskinaslar tez-tez problemə səbəb olur. Alış-veriş münasibətləri zamanı onların qarşı tərəfdən qəbul edilməməsi, dəyişdirilməsinin istənilməsi rast gəldiyimiz mənzərədir. Problem təkcə insanlarla bağlı deyil. Pul qəbul edən ödəmə terminalları da eynilə problem yaradır. Əksər terminallar bu cür pulları qəbul etmir. Bəs elə olan halda vətəndaş nə etməlidir? Pulları dəyişdirməli, yaxud, israrla kiməsə ötürməyə çalışmalıdır?

Azərbaycan Mərkəzi Bankının Nağd pul departamentinin direktoru Elşən Mahmudov bildirib ki, əgər pul nişanı həqiqidirsə, tədavülə yararlıdırsa, dəyərini Mərkəzi Bank ödəyir.

“Pul nişanı tədavülə yararsızdırsa, zədələnmişdirsə, qanuna müvafiq olaraq bütöv bir hissədən ibarət səthinin 60 %-dən çox hissəsini saxlamış, eyni zamanda eyni pul nişanlarına məxsus hissələrindən ibarət səthinin 100 %-ini saxlamış həqiqi pul nişanlarının dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz şəkildə ödənilir”, – E. Mahmudov deyir.

O qeyd edib ki, pul nişanlarının həqiqiliyinin müəyyənləşdirilməsində hər hansı çətinlik yaranarsa, Mərkəzi Bankda ekspertizadan keçməsi üçün vətəndaşlardan xüsusi akt əsasında qəbul edilir: “Ekspertizanın nəticəsi vətəndaşa bildirilir”.

E.Mahmudov regionlarda bu hallarla rastlaşan vətəndaşların nə etməli olduğunu da açıqlayıb:

“Kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsini Bakı şəhəri və regional mərkəzlərdə yerləşən ofislər vasitəsilə də həyata keçirir. Belə ki, həm Bakı şəhərində, həm də Mərkəzi Bankın Naxçıvan, Gəncə, Yevlax, Biləsuvar, Quba şəhərlərində yerləşən nağd pul ofisləri vasitəsilə əhalinin pul nişanlarının dəyişdirilməsi, ekspertizaya qəbulu, eyni zamanda əhalinin maarifləndirilməsi kimi xidmətlər də təqdim edilir”.

Bank üzrə mütəxəssis Tural Əliyev deyir ki, tədavülə yararsız pul nişanı dedikdə, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, yazı və ya ləkə olduğu halda, rəngini, parlaqlığını və şaxlığını itirmiş, yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş kağız pullar, həmçinin ön və ya arxa tərəfində kimyəvi təsir nəticəsində rəngini dəyişmiş, çirklənmiş və ya korroziyaya məruz qalmış, fiziki deformasiyaya məruz qalmış (əzilmə, deşilmə və s.), hissələrə ayrılmış və ya hər hansı bir hissəsi itirilmiş, lakin nominalı aydın görünən yanmış, cilalanmış və ya hər hansı kənar təsir nəticəsində vizual görünüşünü itirmiş, lakin nominalı aydın görünən metal pullar nəzərdə tutulur.

Ekspert bildirib ki, vətəndaşlar bankomatlardan əldə etdikləri yararsız pul nişanlarını həmin bankomatın məxsus olduğu banka təqdim edə bilərlər.

“Həmçinin Azərbaycan Mərkəzi Bankı tədavüldə təmiz pul siyasətinin həyata keçirilməsinin təmini məqsədilə Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə yararsız pul nişanlarının dəyişdirilməsi xidməti üzrə yeni “Nağd pul ofisi”ni yaradıb. Vətəndaşlar əllərində olan yararsız pul nişanlarını həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər”, – deyən ekspert onu da əlavə edib ki, Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə pulun dəyəri Mərkəzi Bank tərəfindən təqdim edən şəxsə ödənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər