“Bank Respublika” 2021-ci ilin ilk yarımilliyində 7 milyon 554 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 4 milyon 485 min manat olub ki, bu da bu il mənfəətin 2 dəfəyə yaxın artması deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “Bank Respublika”nın gəlirləri 49 milyon 557 min manat, xərcləri 45 milyon 381 min manat təşkil edib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il iyulun 1-nə “Bank Respublika”nın aktivləri 1 milyard 215 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 17.5% çoxdur. Bunun 555 milyon 249 min manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ilin 6 ayında Bankın kredit portfeli 24.3% böyüyüb.
DEPOZİT PORTFELİ ARTIB
Hesabat dövründə “Bank Respublika”nın öhdəlikləri 18% artaraq 1 milyard 125 milyon manata, o cümlədən depozit portfeli 25.2% artaraq 863 milyon 674 min manata çatıb. Fiziki şəxslərin depozitləri 359 milyon 535 min manat, hüquqi şəxslərin depozitləri isə 504 milyon 139 min manat təşkil edib. Həmçinin bankın cəmi kapitalı 10.3% artaraq 89 milyon 239 min manat olub.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.