Azərbaycanda avtomobil satışlarını həyata keçirən “GROUP Motors” MMC 2024-cü il üzrə 5,88 milyon manat xalis mənfəət əldə edib.
Banker.az bunu şirkətin konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat müddətində ümumi satış gəlirləri 189 milyon manatı ötüb. Bu gəlirin əsas hissəsi — 176,6 milyon manatı avtomobil satışlarının, 9,6 milyon manatı ehtiyat hissələrinin, 2,8 milyon manatı isə xidmət satışlarının payına düşüb.
Eyni zamanda, satışların maya dəyəri 173,96 milyon manat təşkil edib ki, bu da əsasən avtomobillərin maya dəyəri ilə bağlıdır. Satışlardan əldə olunan ümumi mənfəət 15 milyon manat olub.
“GROUP Motors” MMC 2024-cü ildə fəaliyyət xərclərinə 8,4 milyon manata yaxın vəsait sərf edib. Bu xərclərə əmək haqqı, sosial sığorta, tibbi sığorta, bank xərcləri, reklam və digər inzibati və əməliyyat xərcləri daxildir. Əmək haqqı 5,4 milyon manatla ümumi xərclərin ən böyük hissəsini təşkil edib. Əlavə olaraq, şirkət 992 min manat amortizasiya xərci, 94 min manat torpaq vergisi və 2,5 min manat əmlak vergisi ödəyib.
Hesabat dövründə “GROUP Motors” MMC-nin əməliyyat mənfəəti 6,97 milyon manat olub ki, bu da nəticədə şirkətə 5,88 milyon manatlıq xalis mənfəətlə ili başa vurmağa imkan verib.