2017-ci ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən göstərilən 530 milyon manatlıq xidmətlərin 71,7 faizi əhali sektoruna aid olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 2,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi (256,2 milyon manat) mobil telefon rabitəsi sahəsində formalaşıb.
Eyni zamanda 2017-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1515,8 min nəfər olub ki, , onlardan 626,6 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2017-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 514,3 manat olub. İqtisadiyyatın informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.