1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycandakı zəlzələ daşınmaz əmlak bazarına necə təsir edəcək?

Bu gecə Azərbaycanda baş vermiş zəlzələ insanların bina evlərindən həyət evlərinə axın etməsinə səbəb oldu.

Yollarda yaranmış vəziyyət 2000-ci ildə Bakıda qeydə alınmış yeraltı təkanlardan sonrakı vəziyyəti xatırladırdı.

Həmin vaxt insanların bina evlərində yaşamağa marağı azalmış, bu isə təbii olaraq həyət evlərini bahalaşdırmışdı. Bəs eyni tendensiya yenidən təkrarlana, zəlzələ daşınmaz əmlak bazarına təsir edə bilərmi?

“Zəlzələ tədricən unudulduğu üçün bazara çox da təsir etmir”

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elnur Azadov hesab edir ki, zəlzələ əmlak bazarına az təsir edəcək: “Təcrübə göstərir ki, bu kimi hadisələr tədricən unudulduğu üçün bazara çox da təsir etmir. Türkiyədə baş verən dağıdıcı zəlzələ Azərbaycanın da daşınmaz əmlak bazarına həmin ərəfələrdə öz təsirini göstərmişdi. O zaman Azərbaycanda çoxmərtəbəli binalara tələbat 60 %-ə qədər azalmışdı. Bunların hamısı müvəqqətidir, yəni 1-2 aylıq təsiri olacaq. Bu zaman aralığında baş verən dəyişikliklər bazara elə də böyük təsir etmir. Ola bilər ki, tikinti şirkətlərinin satışları cüzi azalsın. Sırf bu zəlzələ səbəbindən binadakı evini sataraq həyət evi alan vətəndaşların payı uzağı 1 % olur. Fikrini qəti dəyişən insanlar birdən-birə daşınmaz əmlak bazarına çıxmırlar. Düşünürəm ki, zəlzələ bazarda çoxmərtəbəli evlərə olan tələbatı, qısa müddətli, 3-5 % azaldacaq. Həyət evini seçənlərin sayı az olacaq. Vətəndaşlar evlərini satıb birdən-birə həyət evinə getməyəcəklər”.

Onun sözlərinə görə, qəzalı binalarda yaşayan vətəndaşların evlərini dəyişmələri daha məqsədə uyğundur: “Digər tərəfdən, yeni tikilmiş və sınaqlardan keçmiş binalarda yaşayan vətəndaşların evlərini satmaq və yaxud dəyişmək kimi bir ehtiyacı olmayacaq. 70-ci illərdə inşa edilən binaların aşınması yüksəkdir və bu kimi binalarda risklər çoxdur. Çoxmərtəbəli binalara isə 2006-cı ildən etibarən Fövqəladə Hallar Nazirliyi (FHN) ciddi nəzarət edir və bu binalarda risk azdır. Bu gün 60-dan çox bina sınaqdan keçməsə də, onlarda yaşayış var. Xüsusilə 1-ci mikrorayon ərazisini FHN yaşayış üçün riskli zona hesab edir”.

“Çoxmənzilli binalarda mənzil almaq istəyənlər tərəddüd edə bilər”

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə isə deyir ki, zəlzələdən sonra çoxmənzilli binalarda mənzil almaq istəyənlər tərəddüd edə bilər: “Hesab etmirəm ki, hər hansı dəyişiklik olsun. Lakin heç bir dağıntı və fəsadın olmaması bina evlərinin qiymətlərinin azalmasına imkan verməyəcək. Çoxmənzilli binalarda mənzil almaq istəyənlər tərəddüd edə bilər, lakin 10 gün – 1 ay sonra bu fikirlərindən vaz keçəcəklər. Ümumiyyətlə, həyət evlərinə tələbat bina evlərinə tələbatdan azdır. Müvəqqəti olaraq mövsümlə əlaqədar bağ evlərinə tələbat artır, qiymətlər 10-15 % yüksəlir, lakin sentyabrdan sonra qiymətlər sabitləşir. Bağ evinin qiymətinə təsir edən əsas amil torpaqla bağlıdır. Torpağın qiyməti isə onsuz da ildən ilə artır, odur ki, zəlzələ qiymətlərə elə bir ciddi təsir etməyəcək. İnanmıram ki, zəlzələ Bakıda həyət evlərinə tələbatı ciddi şəkildə artırsın. Çünki həyət evləri ilə bağlı çoxlu problemlər var və vətəndaşlar bu problemlər səbəbindən həyət evlərinə az maraq göstərirlər. Birincisi, həyət evlərinin əksəriyyətinin mülkiyyət sənədləri tam deyil, ikincisi, infrastruktur problemləri var. Yeni tikililərdə 5-ci mərtəbədən yuxarı olan mənzilləri çox adam almaq istəmirdi, zəlzələdən sonra marağın daha da azalacağına inanmıram”.

“Həyət evlərinə də zəlzələ vaxtı nə isə ola bilər”

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə bildirir ki, nəinki bina evləri, hətta həyət evləri də düzgün tikilmədiyi zaman zəlzələ vaxtı güvənli olmaya bilər: “İstənilən obyekt tikinti normalarına və qaydalarına uyğun tikilibsə, etibarlıdır. Burada önəmli olan mərtəbələrin sayı deyil, binanın normalara uyğun tikilməsidir. Təcrübə onu göstərir ki, zəlzələ zamanı köhnə tikililərdən olan 1 və 2 mərtəbəli evlər daha çox dağılır. Binalarda istifadə olunan, zəlzələyə davamlı Yaponiya texnikası çox vəsait tələb edir və o, 40-50 mərtəbəli binalarda istifadə edilir: Bakıda həmin texnika olmadan da etibarlı və dayanıqlı binalar inşa etmək mümkündür”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər