“Azərbaycan Almaniyaya kimya sənayesi məhsullarının ixracını genişləndirmək istəyir”.
Banker.az bildirir ki, bunu Bakıda keçirilən Alman-Azərbaycan yüksək səviyyəli işçi qrupunun 8-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib.
“Azərbaycanda kimya sənayesi yaxşı inkişaf edib. Bu sahədə ixracın genişləndirilməsi istiqamətində perspektivlər görürük. Rəqabətqabiliyyətli məhsullarımız var və onları həm region, həm də Avropa İttifaqı ölkələrinə, o cümlədən Almaniyaya ixrac edirik. Hazırda ixracı genişləndirmək üçün istehsalçılarla da konkret danışıqlar aparırıq. İnanırıq ki, bu danışıqlardan sonra kimya sənayesi məhsullarının ixracı artacaq”, – o qeyd edib.
R.Məmmədov həmçinin deyib ki, Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının Almaniyaya ixracı istiqamətində də işlər görülür: “Azərbaycan regionda kənd təsərrüfatı məhsullarının ən böyük istehsalçılarındandır. Aqrar məhsullarımızın rəqabət qabiliyyəti yüksəkdir. Bir sıra məhsulların Avropa İttifaqı ölkələrində, o cümlədən Almaniyada istehlakı kifayət qədər böyükdür. Azərbaycandan bu məhsulların idxalına maraq göstərilir. İlk növbədə, konservləşdirilmiş məhsullar, fındıq, nar və digər meyvələrin, həmçinin meyvə şirələrinin, üzüm şərablarının bu ölkəyə ixracı istiqamətində konkret addımlar atırıq. Bu proses davam edəcək. Bununla yanaşı, xidmətlərin ixracının artırılmasında da yaxşı nəticələr müşahidə edirik. Müxtəlif xidmət sahələrində fəaliyyət göstərən şirkətlərimizi ixracın təşviqinə cəlb edirik”.
©Report