Cari il avqustun 29-dan etibarən Amerika Birləşmiş Ştatlarına (ABŞ) daxil olan bütün mal tərkibli poçt göndərişlərinə dəyərindən asılı olmayaraq gömrük rüsumu tətbiq edilir və bu rüsum bağlama göndərən ölkədə əvvəlcədən ödənməlidir. Lakin rüsumların yeni qaydada hesablanması və ödənilməsi mexanizmi hələlik mövcud olmadığı üçün “Azərpoçt” MMC-dən asılı olmayan səbəblərə görə poçt göndərişlərinin daşınması hələ ki, mümkün deyil.
Bunu “Azərpoçt” MMC-dən bildirilib.
Qeyd edilib ki, sözügedən mexanizmin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Gömrük Bəyannamə Sistemi (CDS) üzərindən tətbiqi istiqamətində müvafiq işlər aparılır.
Bununla bağlı yenilik olduğu təqdirdə “Azərpoçt” MMC tərəfindən ictimaiyyətə məlumat veriləcək.








