Belarus, Rusiya və Azərbaycan dəmiryol xətti üzərində birgə iş aparır
Minsk-Bakı marşrutu üzrə konteyner qatarının buraxılması ilə bağlı layihə üzərində Belarus Dəmir Yolları (BDY) Rusiya Dəmir Yolları (RDY) və “Azərbaycan Dəmir Yolları” (ADY) ASC ilə “Şimal-Cənub” dəhlizinin inkişafı çərçivəsində birgə iş aparır.
Dəmir yolu xətti ətrafında yerləşən torpaqlarla bağlı yeni qərar verildi
Bu barədə Sputnik Azərbaycan-a BDY-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Belarus Dəmir Yolları üçün əsas strateji istiqamətlərdən biri milli məhsulların ixrac-idxal daşımalarının inkişafıdır. Bu layihənin 2019-cu ildə reallaşdırılması planlaşdırılır.
Konteyner qatarının hərəkəti qısamüddətli (7 gün) olacaq və həm Belarusda, həm də Azərbaycanda istehsal edilən yüklər rəqabətli tariflərlə daşınacaq. Minsk-Bakı dəmiryol marşrutunun uzunluğu 3 min kilometrdir. Gələcəkdə isə nəinki İran, eləcə də Türkiyə istiqamətində yüklər daşınacaq.
Yük ötürücüləri yüklərin informasiya müşayiəti ilə təmin olunacaq. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə bağlamaq üçün nəzərdə tutulub. Eyni zamanda bu xətt Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirəcək.
Birinci mərhələdə dəhliz vasitəsilə 5 milyon tonadək yük daşınacaq. Proqnozlara görə, növbəti mərhələdə yükdaşımaların həcmi 10-15 milyon ton artacaq.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi digər marşrutlarla müqayisədə məsafənin qısalığına və yüklərin daşınma müddətinə görə 2-3 dəfə sərfəlidir. Əgər yükləri dəniz yolu ilə Fars körfəzi-Süveyş kanalı-Aralıq dənizi-Baltik dənizi marşrutu üzrə Helsinkiyə 45-60 günə çatdırmaq mümkündürsə, “Şimal-Cənub” dəhlizi vasitəsilə 20-25 günə çatdırmaq mümkündür.