18 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycandan Gürcüstana pul köçürmələri niyə kəskin artıb?

2020-ci ildə Azərbaycandan Gürcüstana 53,9 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib. Bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir. Məlumata görə, bu göstərici 2019-cu illə müqayisədə 2,6 dəfə çoxdur. Təkcə 2020-ci ilin dekabrında Azərbaycandan Gürcüstana 5,8 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib. Bu, Gürcüstana edilən ümumi pul köçürmələrinin 2,9%-nə bərabərdir.

Bəs maraqlıdır, Azərbaycandan Gürcüstana pul köçürmələrinin kəskin artmasının səbəbləri nədir?

İqtisadçı Natiq Cəfərli Sputnik-ə deyib ki, 2020-ci ildə Gürcüstandan onlayn avtomobil sifarişlərində artım baş verib:

“Gediş-gəliş olmadığı üçün Azərbaycandan pul köçürmə yolu ilə Gürcüstandan avtomobillərin gətirilməsi daha da sürətlənib. Əvvəllər insanlar özləri gedib avtomobili alırdılar, indi pul köçürmələri vasitəsilə bu baş verir. 2020-ci ildə 2019-cu ilə nisbətən Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayında 12,9 faiz artım var. Bu da ölkəmizdən Gürcüstana pul köçürmələrinin artımına səbəb olub”.
O bildirib ki, digər tərəfdən, həm gömrük, həm də vergi işlərində ağ mühasibatlığa keçidlə bağlı rəsmiləşdirmənin artdığının şahidi oluruq: “Çünki ölkəyə gətirilən malların həcminə görə 2020-ci ildə Azərbaycandan Gürcüstana pul köçürmələrinin kəskin artması ehtimalı çox aşağıdır. Yəni, adətən Gürcüstandan ölkəmizə eyni həcmdə mallar idxal edilir. Yəqin, ölkəyə gətirilən məhsulların qeydiyyata alınması prosesi daha da sürətlənib. Bu da ümumi dövriyyənin artmasına və pul köçürmələrinin həcminə təsir edir”.

“Digər bir amil bu ola bilər ki, Gürcüstanda olan soydaşlarımızın Azərbaycanda yaşayan övladları var. Ola bilər, onların pandemiya dövründə öz ailələrinə maddi yardım etmələri Gürcüstana pul köçürmələrinin həcmində artıma səbəb olub”, – deyə iqtisadçı qeyd edib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər