-1 C
Baku
Sunday, December 15, 2024

Bolqarıstan Azərbaycandan IGB vasitəsilə təbii qaz idxalına başlayacaq

Bolqarıstan 2022-ci ilin sentyabr ayından IGB (İnterconnector Greece – Bulgaria: Yunanıstan – Bolqarıstan interkonnektoru) boru kəməri vasitəsilə Azərbaycandan qaz idxalına başlamaq niyyətindədir.

“İnterfax” xəbər verir ki, bunu Bolqarıstan Baş naziri Kiril Petkov Yunanıstana səfəri zamanı bildirib.

IGB-nin iyun ayının sonundan işə salınacağı, sentyabr ayından da Azərbaycan qazının nəqlinə başlanacağını xatırladan hökumət başçısı bunun nəticəsində Bolqarıstanın daha sərfəli qiymətə qaz əldə edərək enerji müstəqilliyini artıracağını qeyd edib.

Onun sözlərinə görə, qışda qazın bahalaşması məhz Azərbaycandan IGB vasitəsilə qaz tədarükünün başlamaması olub.

Bu ilin mart ayının sonunda IGB-nin Bolqarıstana ilk dəfə Azərbaycan qazını nəql edəcək TAP layihəsinə qoşulduğu açıqlanmışdı. IGB layihəsinin iyul ayından istismara veriləcəyi nəzərdə tutulur ki, nəticədə Bolqarıstan bilavasitə Azərbaycandan qaz idxal edə biləcək. İlk dövrdə bu kəmərlə ildə 1 milyard kubmetr qaz ötürüləcəksə, sonradan 3 milyard kubmetrlik layihə ötürücülük gücünə çatdırmaq hədəflənir.

Qeyd edək ki, Azərbaycandan TAP layihəsi vasitəsilə Bolqarıstan, Yunanıstan, İtaliya kimi Avropa ölkələrinə qaz nəqlinə 2020-ci ilin 31 dekabr tarixindən başlansa da, sırf interkonnektorun olmaması üzündən Bolqarıstana qaz tədarükü nəzərdə tutulandan 4 dəfə az olub. Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstandan 3,68 milyard kubmetr gücünə malik mövcud kəmərlə tədarük olunur. Bu xətlə Azərbaycandan cəmi 250-300 milyon kubmetr qaz idxal etmək mümkündür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər