15 C
Baku
Friday, March 29, 2024

Azərbaycandan Rusiyaya məhsul ixracı sadələşdirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə aparılan danışıqlar nəticəsində Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

İki qurum rəhbərinin Moskvada sonuncu görüşü zamanı “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert Agentliyin bu sahədə həyata keçirdiyi nəzarət tədbirlərini yüksək qiymətləndirib, həmçinin Azərbaycanda qida sahəsində yaradılan laboratoriyaların peşəkarlıq səviyyəsinin qida təhlükəsizliyinin təmin olunmasındakı rolunu xüsusi vurğulayıb. Bununla bağlı AQTA sədri Qoşqar Təhməzli Rusiya Federasiyasına məhsul ixracının sadələşdirilməsi ilə bağlı bu gün keçirilən mətbuat konfransında məlumat verib. Qeyd edib ki, əldə olunmuş razılığa əsasən, pomidor istehsalı təsərrüfatlarında ixrac icazəsinin alınması məqsədilə Rusiya tərəfindən aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə “Rosselxoznadzor”un ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək. Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.

Əldə edilən razılığa görə, cari il dekabr ayının 1-dən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla AQTA mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək. Bu, sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq.

Aparılmış danışıqlar nəticəsində dəmir yolu vasitəsilə pomidor və alma məhsullarının daşınmasının 2022-ci il aprel ayının 1-dək uzadılmasına baxmayaraq, AQTA tərəfindən həyata keçirilən fitosanitar tədbirləri nəzərə alınaraq, həmin müddət Azərbaycan tərəfindən təqdim edilən zamanadək artırılacaq. Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə cari il dekabr ayının 1-nə qədər qurumların sədr müavinləri səviyyəsində Dağıstan Respublikasının “Yaraq-Kazmalar” keçid məntəqəsində görüşlər keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər