Azərbaycanda son dövrlər sürətlə inkişaf edən banklardan biri məhz Kapital Bank-ı hesab etmək olar. Bəzi banklar öz inkişafına 2015-ci ildə məlum proseslərdən sonra fasilə verməli olsalar da, bu bank qeyd olunan dövrlərdə də öz inkişafının növbəti mərhələsinə çıxa bilmiş, bazara yeni məhsullar təqdim etmişdir.
Kapital Bank-ın bank bazarında etdiyi yeniliklərdən biri də məhz 2018-ci ildə əsasını qoyduğu İnsan Kapitalı Akademiyası olmuşdur. Bu akademiya vasitəsi ilə bank həm işçilərinin bilik və bacarıqlarını artırır, zamanın tələblərinə uyğunlaşdırır, həm də banka cəlb edilmiş yeni nəsil işçilərin tələblərə uyğun hazırlanması prosesini təşkil edir.
Bəs bu akademiyanın iş prinsipləri nədən ibarətdir? Bu haqda məlumat almaq üçün Kapital Bankın İnsan resurslarınin idarə edilməsi departamentinin Təlim və inkişaf şöbəsinin rəisi Mehman Heydərova müraciət etdik.
- Mehman müəllim, necə oldu ki, Azərbaycanın ən böyük banklarından biri öz nəzdində Akademiya yaratmaq qərarına gəldi? Bu ehtiyac nədən qaynaqlanırdı?
Bu ehtiyac təbii şəkildə və biznesin tələblərinə əsasən formalaşmışdır. Kapital Bank son illər çox sürətlə inkişaf edib. Bu inkişafın əsas hərəkətverici qüvvəsi məhz bankımızın kadr potensialı, insanlarıdır. Lakin artan templə inkişaf həm də prosesə əlavə işçi qüvvəsinin cəlb edilməsini, mövcud işçilərin bacarıqlarının artırılmasını nəzərdə tutur. Bununla yanaşı, bazarın və sektorun artan və dəyişən tələblərinə uyğun olan kadrların axtarılması, cəlb olunması və zəruri bacarıqlarla təmin olunma səviyyəsi əsas çağırışlardan biridir. Odur ki, yeni işçilərin bankın daxili qaydaları və prosesləri ilə yaxından tanışlığı, onların iş mühitinə adaptasiya prosesinin sürətləndirilməsi, həmçinin də bankın hazırki işçilərinin peşəkar inkişafının dayanıqlılığının təmin edilməsi məqsədi ilə Kapital Bank rəhbərliyi İnsan Kapitalı Akademiyasının yaradılması barədə qərar qəbul etmişdir. Beləliklə, 2018-ci ilin sentyabr ayının 14-də bizim Akademiyanın açılışı oldu.
- Bizdə olan məlumata əsasən, akademiyada peşəkar inkişafa dair müxtəlif istiqamətli təlimlər və proqramlar mövcuddur. Onlar haqqında ətraflı məlumat vermənizi xahiş edirik.
Bəli, Akademiya əməkdaşlarımıza geniş spektrli təlimlər və proqramlar təklif edir. Bunlardan, ilk olaraq, Boğaziçi Universiteti ilə təşkil etdiyimiz və sektorda ilk olan Mini MBA proqramını qeyd etmək istərdim. Bu proqram əsasən menecment vəzifələrində çalışan əməkdaşlarımız üçün nəzərdə tutulub və onların qlobal liderlik bacarıqları ilə təmin edilməsi, ən qabaqcıl təcrübələrlə tanışlığı məqsədini daşıyır. Qeyd edim ki, bu proqramın dərsləri Türkiyənin ən güclü universitetlərindən biri olan Boğaziçi Universitetinin müəllim heyəti və bankımızın rəhbər şəxsləri tərəfindən aparılır. Artıq bu proqram çərçivəsində birinci qrupun təhsili yekunlaşmışdır. 2019-cu ilin sentyabr ayından İstanbul şəhərində, Boğaziçi Universitetinin kampusunda bankımızın sədri cənab Rövşən Allahverdiyev və universitetin rektoru professor Mehmed Özkanın iştirakı ilə yaddaqalan məzunolma tədbiri keçirilmişdir. Onu da deyim ki, artıq bu proqram üzrə 2-ci qrupun təhsilinə ötən ay start verilmişdir.
Eyni zamanda, biz liderlərimizin yetişdirilməsi və inkişafı üçün liderlik proqramları həyata keçiririk, hansı ki, bu proqramlarda bankımızın təcrübəli rəhbərləri və Azərbaycanın və xarici ölkələrin tanınmış ekspertləri əməkdaşlarımıza təlimlər keçirlər. Akademiyada həmçinin əməkdaşlarımızın ixtisas artırılması ilə bağlı yumşaq vərdişlər, kompüter savadlığı, layihələrin idarə edilməsi və s. istiqamətlər üzrə təlimlər işçilərin tələblərinə uyğun şəkildə həyata keçirilir. Buraya vaxtın idarə edilməsi, səmərəli ünsiyyət, SQL, Microsoft Excel və digər mövzular aiddir.
Həmçinin, Akademiyada Azərbaycanda ilk dəfə olaraq bankın nəzdində ACCA təlimləri də təşkil edilmişdir. Burada əməkdaşlar maliyyə biliklərini beynəlxalq standartlar çərçivəsində artırmaq şansı qazanırlar. Məlumat üçün onu da bildirim ki, Kapital Bank ACCA beynəlxalq təşkilatının tələblərinə uyğun akkreditasiyadan keçərək “Təsdiqlənmiş İşəgötürən (Approved Employer)” statusunun Platinum dərəcəsinə layiq görülmüşdür. Bu akkreditasiya nümayiş etdirir ki, bankımız əməkdaşların bilik və bacarıqlarını qlobal standartlara uyğun şəkildə inkişaf etdirir.
Bundan başqa, biz son dövrlərdə bir sıra şirkətlər tərəfindən tətbiq olunan yeni təşkilati idarəetmə modeli olan “agile” yanaşmasına və onun metodologiyalarına dair daxili təlim proqramları yaradıb tətbiq etmişik. Belə ki, bizim bu istiqamətdə beynəlxalq dərəcələrə malik olan və sertifikasiyalardan keçmiş daxili təlimçilər və əməkdaşlarımız vardır.
Digər önəmli bir məqamı vurğulamaq istərdim. Bankımız əksər hallarda ön ofisə işçi seçimi aparılarkən təcrübə tələbi qoymur. Bu isə o deməkdir ki, əvvəllər heç bir təcrübəsi olmayan, lakin yüksək potensiala və istedada malik olan şəxslər bankımıza işə qəbul edilə bilər. Həmin şəxslərə biz Akademiyada bank işinin, deyərdim bankçılıq peşəsinin bütün incəliklərini sıfırdan öyrədirik və onları intensiv və zəngin inkişaf proqramına – “Gənc Bankir” proqramına cəlb edirik.
- Mehman müəllim, bankın işçilərinə treninqləri kimlər keçir?
Bizim ən böyük nailiyyətlərimizdən biri də məhz təlimi keçən şəxslərin – 50 nəfərədək olan təlimçilər bazasının formalaşdırılması ilə bağlıdır. Bütün bu təlimlər bizim işçilərimiz tərəfindən həyata keçirilir. Bu işçilər bankımızın müxtəlif departamentlərində və filiallarında çalışan şəxslərdir. Təlimlərimizin böyük əksəriyyəti – 70%-dən çox bizim təcrübəli təlimçilərimiz tərəfindən keçirilir.
Bundan başqa, vurğulamalıyam ki, bankımız işçilərin inkişafı üzrə ölkəmizin və dünyanın qabaqcıl məsləhət şirkətləri və ekspertləri ilə əməkdaşlıq edir.
- Bu və ya digər təlimdə iştirakla bağlı qərar və ya müraciət sizə hansı formada gəlir? Yəni bir işçi Excel-lə bağlı biliklərini artırmaq istəyirsə, bununla bağlı müraciət necə edilir?
Bununla bağlı müraciətlərin qeydiyyatı əsasən 2 formada aparılır. Birinci, hər il İnsan resurslarının idarə edilməsi departamenti tərəfindən Strukturlaşdırılmış ehtiyac qiymətləndirilməsi prosesi əsasında – növbəti il üçün bankın strateji hədəfləri əsas götürülməklə, işçilərin hansı əlavə biliklərə ehtiyacı olduğu müəyyən edilir. Bundan sonra, Akademiya tərəfindən həmin bilik və bacarıqları təmin etmək üçün zəruri olan təlimlər hazırlanır və təqdim edilir. İkinci, bankın işçilər üçün nəzərdə tutulmuş daxili portalında treninqlərlə bağlı elanlar yerləşdirilir və bu təlimlərdən hər hansı birində iştirak etmək istəyən əməkdaş sadəcə olaraq müraciət edir və təlimə dəvət edilir.
- Bizdə olan informasiyaya görə İT işçilərinin hazırlanmasında da xüsusi yanaşmanız mövcuddur.
Bəli. Bankımız təkcə bugünün deyil, həm də gələcəyin bankı olmağı məqsəd qoyub. Buna görə də, ən aktual istiqamətlərdən olan İT və proqramlaşdırma sahələrindən olan mütəxəssisləri cəlb edir və onların inkişafı əhəmiyyətli dərəcədə investisiyalar yatırır.
Biz ötən il dünya nəhənglərindən olan IBM şirkəti ilə anlaşma memordandumu imzaladıq və addımlardan biri olaraq böyük bir tədbir – DevDay tədbirini həyata keçirdik. Bu tədbirə dünyanın müxtəlif yerlərindən – Cənubi Koreyadan, İtaliyadan, Birləşmiş Krallıqdan və digər ölkələrdən təcrübəli ekspertlər spiker qismində dəvət olunmuşdur. Tədbirə 300-dək iştirakçı qoşulmuşdur, bankımız insan inkişafına investisiya prinsipinə uyğun olaraq bütün tədbir xərclərini qarşılamışdır.
Eyni zamanda, bankımız yerli universitetlərdə bu istiqamətdə əməkdaşlıq edir. Bizim mövcud tələbə inkişafı proqramlarımıza əsasən, yuxarı kurs tələbələri bankımızda təcrübə keçirlər, aylıq təqaüd əldə edirlər, bu müddətdə paralel olaraq intensiv təlimlərə cəlb olunurlar, sonda isə bankımızda proqramçı olaraq işə qəbul olmaq imkanı qazanırlar.
- Diqqətimi həmçinin akademiyanın nəzdində olan kitabxananız çəkdi. Bu kitablar akademiyaya gələn əməkdaşlar üçündür?
Bu kitablardan bankın bütün əməkdaşları faydalana bilərlər. Kitabların siyahısı bankımızın daxili portalında yerləşdirilmişdir və bu kitablardan hər hansı birini oxumaq istəyən şəxs sadəcə onlayn kataloqda kitabın üzərinə “klikləməsi” kifayətdir ki, ona bu kitabı hansı ofisdə yerləşməsindən asılı olmayaraq bir neçə gün ərzində təqdim edilir. Kitabxanamızda kitablar 4 dildə (azərbaycan, rus, ingilis və türk) təqdim edilir, çox hissəsi göründüyü kimi əməkdaşlarımız tərəfindən oxumaq üçün götürülmüşdür. Bununla yanaşı, kitabxanamız dünya çaplı jurnallara da abunə olmuşdur ki, mütəmadi olaraq bu jurnallar tərəfimizdən alınaraq oxucuların sərəncamına verilir. Hər ay demək olar ki, kitabxanamıza yeni kitablar daxil olur və bu tempi gələcəkdə artırmağı nəzərdə tuturuq.
- Diqqətimi çəkən məqamlardan biri də akademiyada olan otaqlara Azərbaycanda olan yüksəklik adlarının verilməsindədir. Bu hansısa bir simvolik xarakter daşıyır?
Bu, akademiyada təlim keçən şəxslərdə müəyyən bir motivasiyanın yaradılması ilə bağlı simvolik xarakter daşıyır. Hazırda mərkəzimizdə Zəngəzur, Murovdağ, Gömürgöy, Duzdağ, Hinaldağ, Bazardüzü və digər otaqlar mövcuddur. Bununla yanaşı mərkəzimizdə xüsusi görüş otaqları, kompüter mərkəzi və yardımçı otaqlar da vardır.