“Azərenerji” ASC-nin ən iri elektrik stansiyası “Azərbaycan İES”in 2023-cü ildə xalis zərəri 2.32 milyon manat təşkil edib, halbuki 2022-ci ildə şirkət 4.33 milyon manat xalis mənfəət əldə etmişdi.
Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 31 dekabr 2023-cü il tarixinə maliyyə hesabatında bildirilir.
Hesabata görə, şirkətin enerji satışından əldə etdiyi gəlir 239.86 milyon manat olmaqla, öncəki ildən 12.24 milyon manat az və ya 4.86% az olub.
Azərbaycan İES-in yanacaq xərcləri 2023-cü ildə 175.28 milyon manat olub ki, bu da 2022-ci ildəki 171.07 milyon manatı 4.21 milyon manat və ya 2.46% üstələyir.
Amortizasiya xərcləri 2023-cü ildə 1.83% artımla 46.77 milyon manat, təmir və texniki xidmət xərcləri 55% azalaraq 2023-cü ildə 3.60 milyon manat, işçi heyətinin saxlanılması xərcləri 12% artaraq 7.65 milyon manat olub.
Zərərdən sonra bölüşdürülməmiş mənfəət 2023-cü ildə 88.79 milyon manatdan 86.63 milyon manata düşüb.
Hesabata əsasən, şirkətin ümumi aktivləri 2023-cü ildə 79.37 milyon manat və ya 12.69% artaraq 704.84 milyon manat təşkil edib.