“Azərenerji” ASC-nin istilik elektrik stansiyası “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2025-ci ili 35.99 mln. manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 4.20 mln. manat zərər açıqlamışdı.
Banker.az xəbər verir ki, maliyyə nəticələrinin yaxşılaşmasında enerji satışından əldə olunan gəlirin 95.2% artaraq 418.92 mln. manata yüksəlməsi əsas rol oynayıb. Hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəət 118.42 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 43.7% çoxdur.
İES-in ümumi gəlirləri enerji satışları hesabına 95.2% artaraq 418.92 mln. manata çatıb. Eyni dövrdə ümumi xərclər 76.5% artaraq 372.26 mln. manat təşkil edib. Xərclərin artım tempi gəlirlərin artım tempindən aşağı qaldığı üçün əməliyyat mənfəəti 46.66 mln. manat olub, halbuki 2024-cü ildə 3.19 mln. manat əməliyyat zərəri qeydə alınmışdı. Ən böyük xərc maddəsi olan yanacaq xərcləri illik müqayisədə 76.4% artaraq 261.99 mln. manata yüksəlib.
2026-cı ilin 1 yanvarına “Azərbaycan” İES-in cəmi aktivləri 131.9% artaraq 1 mlrd. 806.32 mln. manata çatıb. Aktivlərin əsas hissəsini 1 mlrd. 290.16 mln. manatlıq əmlak, tikili və avadanlıqlar təşkil edib ki, bu da illik müqayisədə 141% çoxdur. Şirkətin kredit portfeli mövcud deyil və aktivlər əsasən əsas vəsaitlər və debitor borcları hesabına formalaşıb. Ticarət və digər debitor borcları 139.0% artaraq 422.64 mln. manata yüksəlib.
Hesabat dövrünün sonunda “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cəmi öhdəlikləri 72.4% artaraq 530.55 mln. manat, cəmi kapitalı isə 170.7% artaraq 1 275.76 mln. manat olub.
Kapitalın artımında əlavə ödənilmiş kapitalın 3 dəfə yüksələrək 1 mlrd. 152.23 mln. manata çatması həlledici rol oynayıb.
Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5.11 milyon manatdır.








